İyun ayından etibarən “Buta Airways” aviaşirkəti yay cədvəli
çərçivəsində Bakı-Batumi marşrutu üzrə və əks istiqamətdə uçuşlar
yerinə yetirməyə başlayacaq.
Aviaşirkətin mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə,
bu il iyunun 1-dən etibarən aviaşirkət Bakı-Batumi-Bakı marşrutu
üzrə həftədə iki dəfə: cümə və bazar günləri uçuşlar həyata
keçirəcək.
Batumi şəhərinə uçuş aviaşirkətin Tbilisidən sonra Gürcüstana
ikinci bərpa olunmuş beynəlxalq istiqamətidir.
Həmin uçuşlara biletləri butaairways.az rəsmi saytından
(“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin
aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız “Super”
tarifi üzrə) əldə edə bilərsiniz.
Biletlərin dəyəri 29 avrodan başlayır.
Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş
zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında
xidmət göstərilir.
Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində
uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Gürcüstana səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının
bu ölkənin ərazisinə giriş hüququ olmalıdır. Pandemiya dövründə
Gürcüstan ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd
edilmişdir: https://www.butaairways.az/az/covid/georgia.
Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların
siyahısı aviaşirkətin saytında qeyd edilmişdir: https://www.butaairways.az/az/covid/clinics.
Gürcüstandan Azərbaycana uçuş zamanı COVİD-19 testindən keçmək
zəruridir. COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində
etibarlı olmalıdır.