“Buta Airways” Alanya istiqamətində uçuşların sayını artırır

Azərbaycanın “Buta Airways” aşağıbüdcəli aviadaşıyıcısı kurort şəhəri Alanyaya xüsusi uçuşların sayını həftədə beş dəfəyədək artırır.

“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, şənbə günləri həyata keçirilən reyslərdən əlavə, 4 iyul tarixindən etibarən bu istiqamət üzrə uçuşlar çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri də həyata keçiriləcəkdir.

Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.

Həmin uçuşlara biletləri daşıyıcının rəsmi saytından (“Super” və “Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız “Super” tarifi üzrə) əldə edə bilərsiniz.

Aviabiletlərin dəyəri 55 avrodan başlayır.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcəkdir.

Bakı-Alanya istiqaməti üzrə reysin sərnişinləri:

– Türkiyə ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə Türkiyəyə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/turkey

Alanya-Bakı istiqaməti üzrə reysin sərnişinləri:

– Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş şərtləri ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/azerbaijan

– koronavirus (COVID-19) infeksiyasına dair PCR-testin neqativ nəticəsi barədə arayışa malik olmalıdılar. Türkiyədə koronavirus (COVID-19) infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc edilmişdir: https://www.butaairways.az/az/covid/azerbaijan

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq sərnişinləri qarşılayan və yola salan vətəndaşlar aerovağzal binasına buraxılmayacaqlar.

Teqlər: