Buşehr AES fəaliyyətini dayandıra bilər

Xəbər - Elnur Bağışov – Trend:

Maliyyə problemləri üçün təcili həll yolları tapılmadığı halda, İranın cənubunda yerləşən Buşehr vilayətində Buşehr Atom Elektrik Stansiyası fəaliyyətini dayandıra bilər.

AzerTimes-ın məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatı sədrinin elektrik stansiyaları məsələləri üzrə müavini Mahmud Cəfəri deyib.

M.Cəfərinin sözlərinə görə, son illərdə Buşehr AES-in fəaliyyəti ilə əlaqədar əsas problem devalvasiya və sanksiyalar nəticəsində yaranan bank problemləridir.


O əlavə edib ki, stansiyanın fəaliyyətini davam etdirmək, ehtiyat hissələrini və yanacağı satın almaq üçün müqavilə tərəfləri olan Rusiya şirkətlərinə valyutanın köçürülməsində problemlər yaranıb və indiyə qədər göstərilən səylər nəticəsində hazırkı vəziyyətdən çıxış yolu tapılmayıb.

Qeyd edək ki, ABŞ 2018-ci il noyabr ayında İrana qarşı yeni sanksiyalar tətbiq edib. Ötən müddət ərzində sanksiyalara İranın neft ixracı, 700-dən çox bank, şirkət və fiziki şəxs daxil olunub.