Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy “Türk
dünyasının mədəniyyət paytaxtı” elan edilən Bursanın bu il bir çox
mühüm tədbirlərə ev sahibliyi edəcəyini bildirib.
Trend xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
(TÜRKSOY) tərəfindən Bursanın “Türk Dünyasının Mədəniyyət Paytaxtı”
elan edilməsi münasibəti ilə keçirilən toplantıda çıxış edən Ərsoy
bu il Bursada böyük tədbirlərin, eyni zamanda Dünya Film
Festivalının da keçiriləcəyini qeyd edib.
Bursanın coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat şəbəkəsinin
də şəhərə gələn turistlərin sayının artmasına kömək edəcəyini
vurğulayan Ərsoy “Türk Dünyasının Mədəniyyət Paytaxtı” statusundan
söz açaraq, bunun yüksək və məsuliyyətli bir status olduğunu,
düzgün istifadə olunacağı təqdirdə şəhər əhalisinə böyük imkanların
qapısını açacağını ifadə edib.
Nazir 2012-ci ildən bu yana Astana, Əskişəhər, Kazan, Mərv,
Türküstan, Oş və Xivə şəhərlərinin TÜRKSOY tərəfindən “Türk
Dünyasının Mədəniyyət Paytaxtı” adına layiq görüldüyünü
xatırladıb.