Buraxılış imtahanları ilə bağlı apellyasiya ərizələrinin qəbulu bu gün başa çatır

Buraxılış imtahanları ilə bağlı apellyasiya ərizələrinin qəbulu
bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən AzerTimes-a verilən məlumata görə, tam (11
illik) orta təhsil səviyyəsi üzrə 5-6 mart 2022-ci il tarixlərində
keçirilmiş buraxılış imtahanlarının nəticələri aprelin 1-də elan
olunub və Dövlət İmtahan Mərkəzinin
saytına
yerləşdirilib. 6 aprel saat 09:15-ə olan məlumata
əsasən, imtahanda iştirak etmiş 47213 nəfərdən 34965 nəfər öz
nəticələrinə (topladığı bala) baxıb.

Cavab vərəqlərinə (verilən tapşırıqlara hansı cavabı yazdığına)
isə cəmi 20457 nəfər baxıb. Şagirdlərin, onların valideynlərinin,
həmçinin müəllimlərinin nəzərinə çatdırırıq ki, imtahan
nəticələrinə, cavab vərəqlərinə və qiymətləndirmə meyarlarına
(tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə
şkalası) şagirdə məxsus səhifədə baxmaq mümkündür.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət
etmək istəyənlər üçün aprelin 4-dən etibarən
elektron ərizə
qəbuluna başlanılıb. Lakin təcrübə göstərir ki,
apellyasiya üçün ərizə yazanların təqribən 20-25%-i ümumiyyətlə öz
cavabı ilə mümkün doğru cavabları müqayisə edib qiymətləndirmə
meyarları ilə tanış olmadan komissiyaya müraciət edirlər. İmtahan
iştirakçısı Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl
DİM-in saytında, yuxarıda qeyd olunan müvafiq məlumatlarla öz
səhifəsində tanış olmalıdır. Yalnız bundan sonra onun hər hansı
müraciəti olarsa, ərizə təqdim etməlidir.

Ərizə qəbulu apelyasiya.dim.gov.az saytı vasitəsilə ödənişsiz
aparılır. Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin
nömrəsindən istifadə etməklə sistemə daxil olurlar. Müraciət
proseduru çox sadədir və bir neçə dəqiqəyə müvafiq formanı
doldurmaq mümkündür. Bir məsələni də qeyd edək ki, son günlər
sosial şəbəkələrin monitorinqi göstərir ki, müəyyən şəxslər ödəniş
müqabilində bu prosesi həyata keçirmək üçün elan verir və
şagirdlərin yerinə ərizə doldurmağı təklif edirlər. Bəzi ərizələrə
baxdıqda apellyasiyanın mahiyyətinə uyğun olmayan qeydlərin
olduğunu müşahidə etmək mümkündür. Ona görə də, şagirdlərə bir daha
tövsiyə edirik ki, ərizə formasını doldurmağı hər hansı kənar bir
şəxsə həvalə etməsinlər və bu prosesi yalnız özləri həyata
keçirsinlər. Sistemə bir neçə lazımi məlumatı daxil etməklə ərizə
qəbulunu tamamlamaq olar.

Xatırladaq ki, apellyasiya ərizələrinin qəbulu bu gün saat
17:00-dək davam edəcək. Müraciətlərə 11 aprel 2022-ci il tarixindən
etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə)
qaydada baxılmağa başlanılacaq.

Teqlər: