Mən gözəl ölkənizə ilk dəfə səfər edirəm və burada olmağımdan çox məmnunam. Əminəm ki, bu səfər Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verəcək. Biz Sizinlə bu gün təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik və əmin olduğumuzu bildirdik ki, gələcək yaxın əməkdaşlıq üçün çox gözəl imkanlar var.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada mətbuata bəyanatında bildirib.
İki ölkə arasında siyasi dialoqdan danışan dövlətimizin başçısı deyib:
“Albaniya prezidentləri əvvəlki illərdə Azərbaycana dəfələrlə səfər etmişdilər. Bu il keçmiş Prezident Meta Azərbaycanda səfərdə idi. Eyni zamanda, bu ilin aprel ayında Baş nazir Edi Rama da bizim qonağımız idi. Bu gün mənim səfərim onu göstərir ki, siyasi dialoqun çox gözəl təzahürləri var və çox güclü dinamizm var. Yəni, bu sıx siyasi təmaslar, əlbəttə, bizim niyyətimizi, bir-birimizə olan marağı göstərir, eyni zamanda, imkan verir ki, çox önəmli məsələlər müzakirə edilsin”.
Azərbaycan Prezidenti qeyd edib ki, beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlıq da əlaqələri gücləndirir.
“Siz qeyd etdiniz ki, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub, biz bunu çox yüksək qiymətləndiririk. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk”, – deyə Prezident İlham Əliyev vurğulayıb.