Türkiyə dünyada yalan xəbərlərə ən çox məruz qalan ölkələrdən biridir. FETÖ-dən tutmuş separatçı terror təşkilatına qədər, ölkəmiz müxalif qüvvələrin hədəfindədir.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Terror təşkilatlarına qarşı mübarizəmiz bütün saxta xəbərlərlə “baltalanır”. Bizə böhtan atanların İŞİD-lə biznes və ticarət əlaqələrinin olduğu bir-bir üzə çıxdı. Şəxsən mən deyəndə ki, “Lafarge” adlı sement nəhəngi (Fransa şirkətidir – red.) Suriyanın şimalında terrora dəstək verir, heç kim inanmaq istəmirdi. İndi onlar bunun hesabını Makrondan soruşurlar. “Lafarge” Fransanın gündəmindəki ən mühüm məsələ oldu. Bu yalan deyildi. Bəli, “Lafarge” terroru dəstəkləyən bir qurum kimi ifşa olundu. Bizə böhtan atanların İŞİD-lə əməkdaşlığı ortaya çıxıb”, – Ərdoğan bildirib.
Qeyd edək ki, “Lafarge” 2010-cu ildə Suriya bazarına daxil olub, Türkiyə və Suriyanı İraqla birləşdirən nəqliyyat yolunun üzərində zavod inşa edib, hərbi əməliyyatlar səbəbindən Suriyadan bütün şirkətlər qaçdığı halda, Fransanın təkidi ilə şirkət Suriyada qalmağa məcbur edilib və qaçırılan işçilərini geri almaq və fəaliyyətini təhlükəsiz davam etdirə bilmək üçün İŞİD, PKK terror təşkilatlarını maliyyələşdirib.
Fransada aparılan təhqiqata görə, şirkət vasitəsilə terror təşkilatlarına 16 milyon dollara yaxın maliyyə ötürülməsinə dair sübutlar tapılıb, lakin Türkiyənin TRT telekanalının araşdırması bu rəqəmin daha yüksək olduğunu və bundan Fransa rəhbərliyinin xəbərdar olmasını üzə çıxarır.
Bütün bunlar Emmanuel Makronun Fransanın xaricdəki sərmayələrinə məsul olan iqtisadiyyat naziri olduğu dövrdə baş verib.