Bunu “Qarabağ”a hörmətsizlik kimi qəbul edirəm – Veşoviç

Bunu “Qarabağ”a hörmətsizlik kimi qəbul edirəm – Veşoviç

Görüş ərzində 50/50-yə epizodlar olan zaman baş hakimin daha çox rəqibin leyhinə qərarlar verməsinin şahidi olduq. Belə hal məni məyus edir. Bunu kiçik komandalara qarşı hörmətsizlik kimi qəbul edirəm.

AzerTimes xəbər verir ki, bunu Report-a açıqlamasında “Qarabağ”ın futbolçusu Marko Veşoviç Almaniyada “Frayburq”a 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan sonra deyib.

31 yaşlı müdafiəçi görüşün sonlarındakı mübahisəli penalti epizodu ilə bağlı dəqiqə nəsə deyə bilməyəcəyini söyləyib: “Çünki epizodu tam olaraq izləmək imkanım olmayıb. Hakimin qərarı ilə bağlı da nəsə deyə bilmərəm”,

Monteneqrolu oyunçu qarşılaşmaya çox pis başladıqlarını etiraf edib: “İlk 15-20 dəqiqəni komandamız üçün pis hesab edirəm. Həmin vaxt çox çətinlik çəkdik. Qapımızda iki qol gördük. Amma görüşün qalan hissəsində topa nəzarət etdik və daha çox qol şansı yaratdıq və yaxşı oynadıq”.

Veşoviç Bundesliqanın hazırkı liderinə qarşı üstün oyun sərgilədiklərini bildirib: “Belə oynayacağımızı gözləyirdim. İlk 15 dəqiqədə gərgin idik və bu səbəbdən qollar buraxdıq. Amma göstərdiyimiz oyuna görə əldə olunan nəticə bizi üzür. Meydanda sərgilədiyimiz oyuna görə bu qarşılaşmada ən azı heç-heçəyə layiq idik”.

Görüşdə komandasının yeganə qolunun müəllifi olan müdafiəçi UEFA Avropa Liqasının qrup mərhələlərində ilk təfə fərqlənməsinə münasibət bildirib: “Bu qol əslində mənim üçün önəmlidir. Belə turnirdə ilk qolu Bundesliqanın liderinə, “Frayburq” kimi komandaya vurmaq xüsusi önəm kəsb edir. Amma mənim işim qol vurmaq deyil. Üzərimə düşən işi yüksək səviyyədə görməliyəm. Sanki bu qol işimin yüksək səviyyədə görülməsinin mükafatıdır. Nəticəyə görə isə məyusam. Buna baxmayaraq komandamızın oyunu mənə nikbinlik verir. İnanıram ki, qarşıdakı matçlarda yaxşı nəticə qazanacağıq”.

Veşoviç qrup mərhələsinin II turunda Bakıda qarşılaşacaqları Fransanın “Nant” klubu haqqında da danışıb: “Nant” da çətin rəqibdir. Evdə oynayacağıq. Amma rəqib də Fransa Liqa 1-də çıxış edir. Bu isə onların güclü komanda olmasından xəbər verir. Amma hər matçda olduğu kimi yenə yaxşı oyun nümayiş etdirib, nəticə qazanmaq istəyirik. Avrokuboklarda çıxış etməyə layiq olduğumuzu göstərməyə çalışacağıq”.

Qeyd edək ki, “Qarabağ” – “Nant” matçı sentyabrın 15-də keçiriləcək.

Teqlər: