Bunu Hacı Şahin edə bilərdi, təəssüf…

Bunu Hacı Şahin edə bilərdi, təəssüf…

Hər dəfə İran məsələsi gündəmə gələndə bilərəkdən, ya bilməyərəkdən şiəlik hədəfə alınır. Bu da ən çox İranın əlinə oynayır, çünki mollalar iddia edirlər ki, Azərbaycanda şiələr məhz məzhəblərinə görə təqib olunur.

Əksər inanclının şiə olduğu bir ölkədə buna həssas yanaşmalıyıq. Onları İranın yanına itələmək yox, uzaqlaşdırmaq lazımdır. Bunun üçün insanların dinini, məzhəbini dəyişə bilmərik. Bəs necə edə bilərik?

– İranın şiəlik adı altında siyasi maraqlarını təbliğ etdiyini, Əhli-Beyt eşqindən xomeyniçiliyi – irançılığı yaymaq üçün istifadə etdiklərini anlamalı, göstərməli, izah etməliyik;

– İbadət əhlinə bu dövlətə və millətə bağlı olan, milli maraqları təqlidə qurban verməyən xadimlər xitab etməli, onları Tehran rejiminin təsirindən uzaqlaşdırmalıdır;

– Təqlid məsələsinin – İran ayətullahlarının izi, sözü ilə getməyin qarşısını almağa çalışmalıyıq: bunun üçün inanclı insanların etimadını, etibarını qazanan milli dini liderlər önə çıxmalıdır (Hacı Şahinin timsalında bu ola bilərdi, təəsüf), o cümlədən, Azərbaycanda dinin dövlətdən ayrı olduğu prinsipindən yanaşaraq, bizim ölkədəki şiəliyin İranın “şiəlik” adı altında ixrac etdiyi teokratiya sistemindən fərqli olduğu üzərindən iş aparmaq olar;

– Və bütün bunlar, xüsusilə İranın şiəlikdən, Əhli-Beyt eşqindən sui-istifadə etdiyi haqda təkcə mediada yox, məscidlərdə də danışılmalı, bu məsələlər inanclı kəsimə xitab edənlərin dilindən səsləndirilməlidir.

Mən, ümumiyyətlə, dindar deyiləm, lakin bu ölkənin maraqlarını düşünənlər bu ölkənin insanını da incitməməlidir, din-məzhəb məsələsinə isə xüsusilə həssas yanaşmalı, xurafata qarşı mübarizə aparılmalı, lakin bu, insanların inanclarının təhqir edilməsi üçün fürsət olmamalıdır.

Teqlər: