Bunu Alban abidəsi adlandırmaq cahillikdir – Foto

Bunu Alban abidəsi adlandırmaq cahillikdir – Foto

Bir neçə gündür mediada Ordubad rayonunda “qədim Alban məbədi” kimi təqdim edilən tikilinin rekanstruksiyası və təmirinə etirazlar səngimir.

AzerTimes xəbər verir ki, əksəriyyət “18-ci əsrə aid” bu məbədin təmir edilərkən çox dəyişdiyini və əslinə bənzəmədiyinə etiraz edərək, mədəni abidələrə bu cür yanaşmanı qəbuledilməz sayır.

Qəribədir ki, Alban məbədi kimi təqdim edilən tikilinin “18-ci əsrə” aid olduğu məsələsinə kimsə diqqət yetirmir. Çünki Alban məbədləri daha qədim tarixə malikdir.

Tarixçi alim, dosent Zaur Əliyev məsələyə aydınlıq gətirərək qeyd edib ki, bu tikilinin Alban abidəsi olduğunu iddia edənlər Alban memarlığından xəbərsizdirlər:

“Naxçıvan qədim ərazi olaraq Alban abidələrinin olduğu bir bölgəmizdi. Amma bu fotoda təqdim olan kilsənin albanlara heç bir aidiyyəti yoxdur.

Bu, tikilişinə görə rus pravoslav kilsəsidir. XIX əsrdə Rusiyanın Azərbaycanı işğal etməsi və burada rusların məskunlaşması Azərbaycanda pravoslavlığın yayılmasına təkan vermişdir. Bakı və Azərbaycanın digər bölgələrində məskunlaşan rus əhalisinin əksəriyyəti hərbçi və məmur ailələrindən ibarət idi. Onların dini tələbatının ödənilməsi və çar Rusiyasının Azərbaycanda mövqeyinin gücləndirilməsi məqsədilə pravoslav kilsələri və dua evləri inşa edilmişdir. Bu tikili də təxminən 1829-cu ildə Ordubadda yerləşən rus qarnizonunun əsgər-zabit heyətinin dua etməsi üçün tikilən kilsədir. Uzun müddət rus pravoslav kilsəsi kimi fəaliyyət göstərib. Abidə şəhərin ən yüksək məkanlarından birində inşa edildiyinə görə ətraf ərazi buradan yaxşı görünür. Düzdü, ilk tikilişi zamanı belə deyildi. Sadə və bir qülləsi var idi. Ruslar burdan gedəndən sonra bura heç kim yaxın durmadı. Hətta bir müddət bura anbar kimi istifadə edildi. Hər yeri erməniləşdirməyə çalışan ermənilər buranı kilsə etmək üçün öz aralarında pul yığırlar. Xüsusilə bu işdə Əylis kəndində yaşayan imkanlı bir erməni çox pul verir və şərt qoyur ki, o öləndə onu və ailəsini kilsənin içində dəfn etsinlər. Buna görə burda restavrasiya işi gedəndə həmin ermənilərin məzarları tapılır.

Dövrümüzə çatmış çoxsaylı monumental memarlıq nümunələri Alban memarlarının ustalığından xəbər verir. Erkən orta əsrlər Alban memarlığı haqqında daha geniş və çoxsahəli məlumatı Alban memarlarının ən yaxşı inşaat təcrübəsinin istifadə edildiyi dini tikililərdən almaq mümkündür. Ona görə də bu günə qədər neçə-neçə Alban kilsəsi memarlığını öyrənən biri kimi deyirəm ki, restavrasiya olunan bu kilsənin Alban memarlığına və albanlara aidiyyəti yoxdur.

Bir neçə dəfə sökülməsi barədə qərar qəbul edilsə də, imkanlı Ordubad sakinləri buna izn verməyiblər. 1947-ci ildə burada nasos stansiyası yaradılıb. Məbədin yaxınlığında isə süni göl tikilib və bu göldən nasoslarla suvarma şəbəkəsinə su vurulub.

Buranı restavrasiya etmək qərarını kim veribsə, səhv məlumat üzərində aparıb işləri. Ordubadda o qədər restavrasiya olunası yerlər qala-qala buranı təmir edib, Alban adı ilə təqdim etmək savadsızlığı göstərir”.

Teqlər: