Son illərdə Bakı sakinlərinin və xarici qonaqların ən çox getdiyi məkanlardan biri dəniz kənarında, Su İdman Sarayının yaxınlığında tankerdə yaradılan “Suraxanı” gəmi-muzey restoranıdır.
AzerTimes xəbər verir ki, uzunluğu 123,5 metr, dedveyti isə 4696 ton olan “Suraxanı” tankeri Xəzər dənizində 1957-ci ildən istismara verilən “Mühəndis A.Pustoşkin” tipli gəmilərdən biridir.
Əvvəllər gəmiçiliyin tərkibində neft-təmizləyici stansiya qismində istismar edilən tankerin muzeyə çevrilməsinə 2017-ci ildə qərar verilib. Bundan sonra gəmidə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Bəzi məlumatlara görə, gəminin təmirinə 2 il ərzində təxminən 23 milyon manat xərclənib. Buranın dünyada ilk tanker-muzey olduğu da deyilir.
2021-ci ildən istismara verilən gəmi-muzeydə elə restoran da həmin vaxtdan fəaliyyətə başlayıb. Bu restoranda dəniz məhsulları və milli mətbəxin bir çox təamları gələn qonaqlara təqdim olunur.
Hazırda restoranda 4 nəfərlik səhər yeməyi menyusu 50 manat təşkil edir. Bu qiymətə pendir çeşidləri, zeytun assorti, bal, qaymaq, fındıq əzməsi, şokolad yağı, qatılaşdırılmış süd, 4 çeşid mürəbbə, kolbasa, pomidor, xiyar, sosiska, yumurta ilə bişirilmiş yeməklər, fəsəli və smit daxildir.
Növündən asılı olaraq salatların qiyməti 4-20, uxalar 10-15, krevetkalar 15-20, balıq yeməkləri 15-60, toyuq yeməkləri 8-30, ət yeməkləri 15-20, plovlar 10-50, qarnirlər 4-5, içkilər 3-12, kofe çeşidləri 5-8, desertlər 7-8, mövsümi olaraq xəmir yeməkləri isə 1-8 manat arası dəyişir.
Həmçinin, restoranda 65 manatdan başlayan banket menyusu mövcuddur.
Məkanda 10% servis haqqı da var.
Restoranda adi günlərdə olmasa da, xüsusi günlərdə (8 Mart, Yeni il və s.) şou-proqrama görə depozit haqqı tələb olunur. Rezerv üçün sadəcə 1-2 gün öncədən restorana müraciət etmək kifayətdir. Bayram günlərində də bu qayda keçərlidir. Həmçinin, məkanda cümə, şənbə və bazar günlərində canlı musiqi təşkil olunur.