Builki islahatlar paketi 3,4 milyon şəxsi əhatə edir – Nazirlik

Prezident İlham Əliyevin tapşırığı əsasında reallaşdırılan yeni
sosial islahat paketi çərçivəsində 2022-ci ilin əvvəlindən ölkədə
əməkhaqlarında növbəti artımlar edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, minimum
aylıq əmək haqqının 250 manatdan 300 manata çatdırılması ilə
əlaqədar 800 min işçinin, o cümlədən maaşları Vahid Tarif Cədvəli
(VTC) üzrə müəyyən olunanların əmək haqqında orta hesabla 20 faiz
artım baş verib.

VTC üzrə işçilərdə orta aylıq əmək haqqı 387 manatdan 465 manata
çatıb. Hazırda həmin cədvəlin ilk pilləsi üzrə əməkhaqqı 300 manat,
ən yüksək – 19-cu pilləsi üzrə əməkhaqqı 979 manatdır.

Minimum əməkhaqqı artımı üçün dövlət büdcəsindən ayrılan əlavə
illik vəsait 460 mln. manat təşkil edir.


2022-ci ilin əvvəlindən 165 min müəllimin əmək haqqında da orta
hesabla 20 faiz artım olub və onların əməkhaqqı orta hesabla 550
manatdan 660 manata çatdırılıb. Bu artım üçün isə ayrılan əlavə
illik vəsait 273 mln. manatdır.

İslahatlar hərbi qurumlar və hüquq mühafizə orqanlarında xidmət
keçən bir sıra şəxsləri də əhatə edib. İlin əvvəlindən onların
aylıq vəzifə maaşlarına 20% əlavə olunur, qeyd edilən orqanların
mülki işçilərinin vəzifə maaşları da 20% artırılıb. Həmin artımlara
isə il ərzində əlavə olaraq 157 mln. manat sərf olunacaq.

Ümumilikdə 2022-ci il üzrə əmək haqqı, pensiya və digər sosial
ödənişlərin artımını nəzərdə tutan islahatlar paketi 3,4 milyon
şəxsi əhatə edir. Bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1
mlrd. manat təşkil edir.

Teqlər: