Bugünkü sərəncamlar insanların sosial həyatının yaxşılaşdırılmasına göstərilən qayğının ifadəsidir

Xəbər - Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyev bu gün Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilir.

Bununla yanaşı, Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2022-ci il yanvarın 1-dən orta hesabla 20 faiz artırılır.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev AzerTimes-a açıqlamasında bildirib ki, bu sərəncamlar insanların sosial həyatının yaxşılaşdırılmasına göstərilən qayğının ifadəsidir.

“2022-ci ilin yeni sosial paketinə daxil olan sosial tədbirlərin həyata keçirilməsi çoxsaylı insanı əhatə edir və bilavasitə dövlətin başlıca vəzifələrindən biri kimi qarşıya qoyulub.

Bu sərəncam ölkə vətəndaşları tərəfindən rəğbətlə qarşılanır və ölkə başçısının qayğısı kimi dəyərləndirilir. Əməkhaqlarının artırılması insanların sosial həyatının daha da yaxşılaşdırılmasına səbəb olacaq. İnsanların sosial həyatının yaxşılaşdırılması üçün ölkə Prezidenti tərəfindən son illərdə qəbul olunan bir çox qərarlar, verilmiş sərəncamlar insanların həyatının yaxşılaşdırılması ilə yanaşı, ölkə iqtisadiyyatının inkişafına, eləcə də quruculuq işlərinin sürətləndirilməsinə şərait yaradır”, – deyə T.Rzayev bildirib.

Milli Məclisin deputatı Azər Badamov isə AzerTimes-a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 1 yanvardan ölkəmizdə minimum əməkhaqqının 300 manata çatdırılması, həm də vahid taarif cədvəli üzrə işləyənlərin əməkhaqlarının artırılması əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edəcəkdir.

“Həm də cənab Prezidentin sərəncamları ilə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqları da 1 yanvardan artırılır. Bu, ilk növbədə, Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsasında sosial siyasət dayandığının göstəricisidir. Minimum əməkhaqqının artırılması özəl strukturlarda çalışanıların əməkhaqlarının da artmasına öz təsirini göstərəcəkdir. Çünki ölkədə qanunla minimum əməkhaqqıdan aşağı əmək haqqının ödənişi qadağandır. Bu, özəl sektorda minimum əməkhaqqı səviyyəsində ödəniş alanların əməkhaqlarının artması deməkdir. O cümlədən, muzdla işləyən 600 mindən çox insanın əməkhaqqının artmasına öz təsirini göstərəcəkdir”, – deyə deputat bildirib.

O qeyd edib ki, son vaxtlar bazarlarda müəyyən malların qiymətlərindəki artımlarla bağlı cəmiyyətdə fərqli fikirlər səslənirdi: “Cənab Prezidentin imzaladığı bu sərəncamlar sosial paket olaraq yenidən qüvvəyə minəcək və insanların gəlirlərinin, alıcılıq qabiliyyətinin artmasına xidmət edəcək. Son illər ölkə başçısının sərəncamları ilə əməkhaqları və pensiyalar mütəmadi olaraq artırılır. Ancaq son üç ildə minimum əməkhaqqı 130 manatdan 300 manata çatdırılır. Cənab Prezident dövlətin iqtisadi imkanları artdıqca əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edəcək belə addımların atılmasını davam etdirir”.

Teqlər: