Budəfəki təlimlərin məqsədi fərqlidir – Hərbi ekspert

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Budəfəki əməliyyat-taktiki təlimləri fərqli fonda təşkil olunur. Burada hərbi məqsədlər daha çox hədəf, terror qruplaşmalarının məhv edilməsidir. Təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edirlər.

Bunu AzerTimes-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, budəfəki təlim fərqli hərbi-siyasi vəziyyətdə, Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi Qələbədən sonra Ermənistan və seperatçı qurum tərəfindən səslənən sərsəm və əsassız bəyanatlar fonunda keçirilir:

“Baş verən hadisələrdən sonra hələ də bəzi revanşistlər lazımı nəticələr çıxara bilməyiblər. Onlar bilməlidirlər ki, Azərbaycan ordusu istənilən təhdidə qarşı əvvəlcədən planlaşdırılmış təlimlərin mövzusunda dəyişiklik edərək, onları real şəraitdə, real təlabata və təhdidlərə uyğunlaşdıra bilir. Təlimlərdə də antiterror məsələlərinin qabardılması məhz bu məqsədi daşıyır.

Bu təlimlər, Azərbaycan ordusunun qeyri-spesifik vəzifələri, yəni daha çox xüsusi-təyinatlılara və dövlət təhlükəsizlik xidmətinə aid olan anti-terror əməliyyatlarının artıq ordu tərəfindən, həm də daha geniş miqyasda həyata keçirə biləcəyini göstərmiş olacaq”.

Ə.Verdiyev qeyd edib ki, təlimlərə şəxsi heyət ilə bərabər, zirehli, yüngül zirehli və zirehsiz texnikalar, HHM vasitələri, müxtəlif çaplı raket və artilleriya qurğuları, reaktiv yaylım atəş sistemləri və minaatanlar, müxtəlif təyinatlı pilotlu və pilotsuz uçuş aparatlarından ibarət qüvvələr cəlb olunacaq:

“Təlimlər zamanı artilleriya və aviasiya ilə bərabər, xüsusi təyinatlı qüvvələrin bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyətin təşkili üzrə tapşırıqların icra edilməsi də gözlənilir. Rəsmi məlumata görə, başlayan təlimlərdə 10.000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq ki, bu da təlimlərin kifayət qədər ciddi miqyas və məqsədlərindən xəbər verir”.

Teqlər: