Bu mövzuya üç aspektdən yanaşmaq lazımdır: zəlzələnin ictimai, dövlətin daxili və xarici siyasətə təsiridir.
Bu sözləri AzerTimes-a Türkiyədə baş verən zəlzələ fəlakətinin ictimaiyyətə, dövlətə təsirləri haqqında danışan Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib.
Alim fəlakətin cəmiyyətə təsirlərini bir neçə baxımdan dəyərləndirib:
“Yaş və peşə fəaliyyətinin bizə qazandırdığı təcrübə ilə zəlzələnin cəmiyyətə təsirləri haqqında fikirlərimi bildirmək istəyirəm. 1999-cu ildə baş verən zəlzələ zamanı İstanbulda xidmətdə idim. Ona görə baş verən proseslərin də şahidi olduq. 6 fevralda yaşadığımız zəlzələ də hazırda cəmiyyətdə travmaya səbəb olub. Birincisi, zəlzələni yaşamış insanlar ciddi travma alıb. İkinci qrup öz ailə üzvlərini, övladlarını, yaxın dostlarını, xidmət yoldaşlarını itirib. Bir də millət olaraq yaşadığımız qorxu, üzüntü və həyəcandır. Əlbəttə, qardaş Azərbaycanın da bizimlə bərabər yaşadığı hiss və həyəcan bura daxildir. Bütün bunları tamamilə geridə qoymaq isə uzun müddət tələb edir”.
Sadiq Akyar Türkiyədəki zəlzələnin siyasi ədəbiyyata “zəlzələ diplomatiyası” terminini daxil etdiyini qeyd edib:
“Artıq ölkəmizdə hamı Türkiyənin təbii zəlzələ ölkəsi olduğunu qəbul edib. Təəssüf ki, biz çox zaman təbii fəlakəti yaşadıqdan sonra etməli olduqlarımız haqqında danışırıq. Bu doğru bir yanaşma deyil. Hər şeydən öncə ölkəmizdə inşaat sistemi zəlzələ bölgəsinin tələblərinə uyğun şəkildə qurulmalıdır. Lakin bu kifayət etmir, nəzarət mexanizmləri gücləndirilməlidir. Artıq bu qaçılmazdır. Digər tərəfdən, zəlzələ 11 vilayətə və 14 milyon əhaliyə təsir edib. İndi insanlar konteyner və çadır şəhərciklərində qalır. Bütün sözügedən vilayətlərdə dağıntıların aradan qaldırılması və bölgənin bütün infrastrukturunun təhlükəsizlik tədbirlərinə uyğun şəkildə qısa müddətdə yenidən inşa edilməsi çox vacib məsələdir. Əlbəttə, zəlzələnin iqtisadi təsirləri də var. Çünki sözügedən bölgə ciddi mənada tekstil və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur. Lakin ölkəmiz 1999-cu il zəlzələsinin iqtisadi təsirlərini tez vaxtda aradan qaldırdı. Fikrimcə, indiki iqtisadi problemlər də həll olunacaq. Lakin iş gücünün bölgədən başqa yerlərə köçü mümkündür.
Zəlzələ zamanı ölkəmiz NATO və AB vasitəsilə dördüncü səviyyəli yardım çağırışı etdi. Fikrimcə, bununla dünya siyasi ədəbiyyatına “zəlzələ diplomatiyası“ termini də girmiş oldu. Belə durumlarda dövlətlər arasında problemlər arxa plana keçir, münasibətlər yumşalır. Məsələn, indi Yunanıstanla da ona görə yumşalma var. Bu ab-hava Türkiyə xarici siyasətində bir müddət davam edəcək. Nəticə olaraq, Azərbaycan “Odlar Yurdu”, neft-qaz ölkəsi olduğu qədər, Türkiyə də zəlzələ ölkəsidir. Ona görə də hər şeyi başdan sona bu gerçəkliyə uyğun şəkildə qurmalıyıq. Yeri gəlmişkən, belə ağır günlərdə Azərbaycanın yanımızda olması, dəstək verməsi bizi həddindən ziyadə məmnun edib, acılarımızı yüngülləşdirib. Ankara, İzmir, Manisa, Aydın, Hakkari, Ərzurum, Trabzon, Rizə və digər bölgələrimiz nə etdisə, Bakı, Gəncə, Sumqayıt, ümumiyyətlə bütün qardaş Azərbaycan zəlzələ bölgəsinə eyni köməyi göstərdi və “Bir millət, iki dövlət” olduğumuzu yenidən təsdiqlədi. Cənab İlham Əliyev başda olmaqla, qardaş Azərbaycan xalqına öz təşəkkürümü bildirirəm”.