Azərbaycanda elektron əmtəə-nəqliyyat qaiməsinin forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müəyyən edilib.
AzerTimes xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, elektron əmtəə-nəqliyyat qaiməsi – “Avtomobil nəqliyyatı haqqında” qanuna uyğun olaraq avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin ölkədaxili daşınması zamanı yük daşıma müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa, yükgöndərən tərəfindən tərtib edilməklə rəsmiləşdirilən sənəddir.
Avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin daşınması elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilir. Bu Qaydalara əlavə ilə müəyyən edilmiş elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməmiş əmtəə təyinatlı yüklərin daşınmasına yol verilmir.
Elektron əmtəə-nəqliyyat qaiməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemində yaradılmış “Elektron əmtəə-nəqliyyat qaiməsi” altsistemində hazırlanır.
Elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilərkən daşımanın xarakterindən asılı olaraq əməliyyatın növü hissəsində malların bir vergi ödəyicisindən digər vergi ödəyicisinə təqdim edilməsi ilə bağlı daşınması, malların bir vergi ödəyicisindən digər vergi ödəyicisinə qaytarılması ilə bağlı daşınması, əvvəlcədən sifariş edilməyən, satışa çıxarılan malların daşınması, pərakəndə qaydada son istehlakçıya təqdim edilmiş malların daşınması, pərakəndə qaydada təqdim edilmiş son istehlakçıdan qaytarılan malların daşınması, ümumi istifadədə olan avtomobil yollarına çıxmaqla malların təsərrüfatdaxili daşınması, emala veriləcək malların daşınması, emal prosesi keçmiş qaytarılan malların daşınması, idxal edilmiş və ya ixrac olunan malların ölkədaxili daşınması, alış aktı (elektron alış aktı) əsasında əldə edilmiş malların daşınması biri seçilir.
Qərara əsasən, elektron əmtəə-nəqliyyat qaiməsinin ləğv edilməsi onu qəbul edən şəxslər tərəfindən ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron əmtəə-nəqliyyat qaiməsinin ləğv olunması təsdiq edilmədikdə, elektron əmtəə-nəqliyyat qaiməsi proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır.
Əmtəə təyinatlı yüklərin elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədən daşınmasına nəzarəti həyata keçirən Daxili İşlər Nazirliyi, habelə malların, o cümlədən kənd təsərrüfatı məhsullarının topdan satışla məşğul olan ticarət obyektlərinə, bazarlara elektron əmtəə-nəqliyyat qaiməsi olmadan gətirilməsinin qarşısının alınması səlahiyyətlərini həyata keçirən İqtisadiyyat Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemində yaradılmış “Elektron əmtəə-nəqliyyat qaiməsi” altsistemində olan məlumatlara çıxış imkanına malikdirlər və öz səlahiyyətləri çərçivəsində həmin məlumatlardan istifadə edirlər.