Bu yoldan yalnız yolsuzlar imtina edər…

Bu yoldan yalnız yolsuzlar imtina edər…

Bir il bundan öncə – 2021-ci il iyun ayının 15-də Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşada fövqəladə dərəcədə önəmli sənəd imzalandı. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkənin tarixinə, əziz Şuşamıza, 44 günlük müharibədəki tarixi Zəfərimizə çox yaraşan hadisəydi.

Əslində, o hadisə haqqında keçmişdə deyil, gələcək zamanda danışmaq daha yaraşan olar. Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin o anlamlı gündəki sözlərini məmnuniyyət və qürurla xatırlayırıq: “XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.

Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin dostluq, qardaşlıq, qonşuluq münasibətlərini daha yüksək zirvəyə – müttəfiqlik münasibətləri səviyyəsinə qaldırdı. Doğrudan da, başqa iki müstəqil ölkə tapmaq çətindir ki, onların arasında Şuşa Bəyannaməsindən üstün Müttəfiqlik Bəyannaməsi olsun. Bəli, bu, keyfiyyətcə yeni əməkdaşlıq praktikasıdır. Bizim yetərincə yüksək əlaqələrimiz olub, var və olacaqdır, bu Bəyannamədə göstərilən müddəalarsa gələcək yüksək işbirliyimizin hüquqi təminatçısı olub, dosta da, dost ola bilməyənlərə də həqiqətin özünü, onun təntənəsini göstərir.

Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik, iqtisadi və əlbəttə, hərbi uğurudur. Azərbaycanla Türkiyənin münasibətlərini daha üstün səviyyəyə qaldıran sənəd, yeni işbirliyi ruhu və hüququ ilə bölgə əhəmiyyətli bütün əməli fəaliyyət sahələrini əhatə edir. Bu sənəd hər iki ölkənin beynəlxalq nüfuzuna öz müsbət təsirlərini göstərməkdədir.

Qardaşlığın yeni mühüm mərhələsini təşkil edən Şuşa Bəyannaməsi beynəlxalq münasibətlərin və münasibətsizliklərin həssas dönəmində müttəfiqliyin geostrateji önəmini daha da artırır. Şuşada qoşa dalğalanmaqla ölkələrimizin birliyini nümayiş etdirən Azərbaycan və Türkiyə bayraqları yalnız siyasi, hüquqi anlamlarda qalmayıb, ruhi-mənəvi, mədəni iqlimimizi təcalla etdirir. Azərbaycanla Türkiyə arasındakı müttəfiqlik münasibətləri ölkələrimizin münasibətlərinin bütün müstəvilərdə davamlı inkişafını təmin etmə gücündə olub, çoxşaxəli müttəfiqliyin simvoludur. Bu Bəyannamə sayəsində Azərbaycanla Türkiyə arasında siyasət, diplomatiya, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələr üzrə əməkdaşlıq yeni məzmun və yeni səviyyə qazanıb.

Şuşa Bəyannaməsi iki ölkə arasında imzalanmış olsa da, o, bütövlükdə bölgəyə işıq salır, sülh, əmin-amanlıq üçün şansları artırır, mehriban qonşuluq, birgə yaşayış və beynəlxalq hüquq normalarına uyğun münasibətlərin imkanlarını, əhatə dairəsini genişləndirir. Yəni haqlı olaraq belə dəyərləndirilir ki, Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini, yeni sərmayə qoyuluşu prosesini stimullaşdırır. Məhz bu özəlliyi ilə Şuşa Bəyannaməsi bütün bölgə üçün əhatəli əmin-amanlığa, ədalətli sülhə zəmanətli yol açır. Və bu yoldan yalnız yolsuzlar imtina edər…

Şuşa Bəyannaməsi bu ilin əvvəlində hər iki ölkənin parlamentində ratifikasiya edilərək, təsdiq olunub. Yuxarıda vurğuladığımız məqamlarla yanaşı, özəlliklə onu qeyd edək ki, Bəyannamə qardaş ölkələrimiz arasındakı münasibətlərin məhz gələcəyini müəyyən edir. Gələcək mövzusuna təkrar vurğu etməyimiz həm də bölgədə yaranmış yeni gerçəklikləri yada salır. Bu gerçəkliklər 44 günlük müharibədəki tarixi Zəfərimiz nəticəsində əldə olunub. Tarixi Zəfər Qafqazların Avrasiyada önəmini artırıb: Asiya-Avropa arasında ticari-iqtisadi əlaqələrin ən əlverişlisinin seçilməsi baxımından yeni dizayn yaradıb – necə deyərlər, artıq yeni siyasi-iqtisadi arxitektura mövcuddur. Azərbaycan Prezidentinin 15 iyun 2021-ci il nitqində vurğulandığı kimi, “Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır”.

Bəli, Bəyannamənin mətnindən və ruhundan irəli gələn vəzifələr keyfiyyətcə daha yüksək işbirliyinə təminat yaratmaqdadır. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə prezidentlərinin yalnız öz ölkələrinə deyil, Avrasiyada sülh, əmin-amanlıq, iqtisadi inkişaf və digər kateqoriyalarda tərəqqi üçün göstərdikləri tarixi xidmət səciyyəsi daşıyır.

Teqlər: