2022-ci ilin yaz əkin mövsümündə Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin, rayon icra hakimiyyətlərinin və ictimaiyyət
nümayəndələrinin iştirakı ilə ölkənin meşə və qeyri-meşə fondu
ərazilərində ümumilikdə 730 000-dən çox müxtəlif cinsli ağac
əkilib, 6400 kiloqram toxum səpilib.
Bunu AzerTimes-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji
Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Səyyarə
Məmmədova bildirib.
O, qeyd edib ki, eyni zamanda vətəndaşlara, icra
hakimiyyətlərinə, dövlət və özəl təşkilatlara Nazirliyin tinglik
sahələrində yetişdirilən 60 mindən çox müxtəlif cinsli ağac tingi
paylanılıb.
“Yaz ağac əkini çərçivəsində keçirilən ağacəkmə tədbirləri ilk
gündən ictimaiyyət tərəfindən geniş maraq və böyük coşqu ilə
qarşılanıb. Bu tədbirlərdə dövlət qurumları, özəl şirkətlər, media
nümayəndələri, könüllülər, ictimaiyyət xüsusi fəallıq
göstərib”.
S.Məmmədova yaz ağac əkininin uğurla həyata keçirilməsinə,
yaşıllıqların genişləndirilməsinə verdikləri töhfəyə görə bütün
tərəfdaşlara dərin minnətdarlığını bildirib, payız ağacəkmə
aksiyalarında da ictimaiyyətdən, tərəfdaşlardan və könüllülərdən
eyni coşqu ilə dəstək gözlədiyini qeyd edib.
Nazirlik rəsmisi onu da qeyd edib ki, yaz əkin mövsümündə əkilən
ağaclar xüsusi diqqət və qulluq tələb edir.
“Buna görə də, vətəndaşlarımızdan paylanmış ağac tinglərinin
bitiş faizinin yüksək olması və düzgün inkişaf etməsi üçün onlara
xüsusi qayğı ilə yanaşmalarını xahiş edirik”, – deyə o
bildirib.