Xəbər - Trend.
Bakı Ağır Cinayətlər məhkəməsində dələduzluqda təqsirləndirilən
Məzahir Nəsibovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi
keçirilib.
Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən şəxs bildirib ki, bu məsələyə görə heç bir
günahı olmadığı halda 6 il cəza alıb və hazırda cəzaçəkmə
müəssisəsindən gətirilib: “Maklerlər var idi, onlar həmin şəxsləri
gətirirdi, deyirdilər ki, ev almaq istəyirik. İcra hakimiyyətindən
ev növbəsinə götürülmək barədə sərəncamlar verilirdi, mən də
pulları alırdım. İcra hakimiyyətinin əməkdaşı Hikmət demişdi ki,
qohum-əqrəbadan ev istəyən varsa, gətir həll edək. Mən 37 ildir
Bakıda yaşayıram. Bu yaşa qədər həmişə rüşvətlə iş görüb yaşamışam.
Binanın açılışı oldu. Mənə dedilər ki, bina həm gözdən əlillər
üçün, həm də aztəminatlı ailələr üçün nəzərdə tutulub. Mən də ona
görə adamlar tapıb, pul alıb vermişəm. Bu işdə mənim günahım
vasitəçi olmaqdır. Pulu alıb yeyənlər qalıb çöldə, məni tutublar.
Mənim mesaj və telefon danışıqlarım var. Onları çıxarsanız, məlum
olacaq pulu kim yeyib”.
Proses aprelin 6-da davam etdiriləcək.
Baş prokurorluğun məlumatına görə, Nəsibov Məzahir Dursun
oğlunun qanunsuz əməlləri ilə əlaqədar aparılmış istintaq
tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
cinayət işinin istintaqı aparılıb.
Aparılan istintaq-əməliyyat tədbirləri ilə Məzahir Nəsibovun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı
şəhərində “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin
üzvləri üçün inşa edilən hündürmərtəbəli yaşayış binasındakı
mənzillərin aztəminatlı ailələr üçün nəzərdə tutulduğunu bildirib,
vətəndaşları binanın tikintisi başa çatdıqdan sonra sözügedən
mənzillərin adına heç bir əmlak sahəsi olmayan aztəminatlı ailələrə
paylanacağına inandıraraq, rəsmi sənədlərə bilə-bilə yalan
məlumatların daxil edilməsi yolu ilə qeyd olunan birliyin üzvü
olmayan cəmi 92 şəxsin ümumilikdə 5 milyon 781 manat pul vəsaitini
vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq
etməsinə əsaslı şübhələr müəyyən edilib.
Məzahir Nəsibova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli
miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə
ittiham elan edilib.