Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub.
AzerTimes xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayot Hikmət Abbasov deyib.
O, hazırda məhdudlaşdırılan yanğınla bağlı bəzi detalları açıqlayıb.
Xidmət rəisi deyib ki, saat 14:14 radələrində yanğınsöndürmə hissəsinə ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub, saat 14:21-də Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və şəxsi heyəti yanğın olan əraziyə çatıb.
Onun sözlərinə görə, hadisənin çətinliyi, havanın küləkli olmasını nəzərə alaraq tərəfimizdən iki nömrəli yüksək çağırış elan olunub və Bakı qarnizonun əsas qüvvələri hadisə yerinə cəlb olunub.
H.Abbasov hazırda ərazidə 15-dən artıq texnika və 80-ə yaxın şəxsi heyətin yanğının söndürlüməsində iştirak etdiyini açıqlayıb.
Xidmət rəisi bildirib ki, yüksək gərginli 35 min kilovatlıq elektrik xəttinin ərazidən keçməsi yanğının söndürülməsi işlərini çətinləşdirib.
O, həmin xətlərin mühafizə olunduğunu bildirib.