Bu, xalqı intihara çağırmaqdır – Alov İnanna

Bu, xalqı intihara çağırmaqdır – Alov İnanna

Qloballaşan dünyada dillər ölüm-dirim savaşına sürükləniblər. Bu savaşda dilimizin sağ qalması üçün onun yanında olmalı, daha tez ölməsi üçün arxadan kürəyinə qılınc saplamamalıyıq. Ana dilimizdə təhsil məsələsi də bununla birbaşa əlaqəlidir.

Bu sözləri AzerTimes-a Almaniyada yaşayan fəlsəfə üzrə doktor, tədqiqatçı alim Alov İnanna deyib.

O, dillə bağlı hazırda irəli sürülən bəhanələrin onu sıradan çıxaracaq amilə çevrilə biləcəyini diqqətə çatdırıb:

“Təhsilimizdəki kəsirlər dilimizin günahı deyil. İşləklik səviyyəsindən, nüfuzundan, keyfiyyətindən şikayətlənib onu dəyərsizləşdirmək, dilimizin könüllü intiharına zəmin hazırlamaqdır; dil də xalq demək olduğuna görə, başqa sözlə, xalqımızı intihara çağırmaqdır. Bu intihar çağırışlarının bir çox hallarda qələm adamlarından gəlməsi paradoksun zirvəsidir”.

Onun sözlərinə görə, dilimizə tənqidi yanaşmanın əsas səbəblərindən biri də xeyli sayda sözlərin yad dildə olduğunu zənn etməkdir:

“Qorxunc yanlışlıqdır! Məsələn, “ummaq” felimizdən “umud” sözü yaranıb, farslar da bu sözü “ümid” eliyib təkrar bizə veriblər. İndi bu söz farscadırmı? Yaxud “cadu” sözü. Bu sözün Avestasa və sanskritcədəki “yatu” sözündən yarandığı yazılır, ancaq “yatu”nun bir zamanlar türk-Altay şamanların rituallarda istifadə etdiyi, “yada daşı” olduğu elmi arenada etiraf edilmir. Ən güclü cadular yatu ilə, yəni yada ilə baş tuturdu, onunla şamanlar hava şəraitini dəyişdirirdilər, yağış yağdırırdılar və s.”

O, ana dili ilə bağlı problemlərin aradan qaldırılması üsullarına da toxunub:

“Xalq hər şeydən əvvəl dil deməkdir, ona görə də dilin yaşaması xalqın yaşamasıdır. Bir insanın həyatda qalması üçün özünəinam nədirsə, bir xalq üçün də odur. Öz dilinə münasibət xalqın özünəinam səviyyəsini göstərir. Xalqın özünə verdiyi dəyər dilinə verdiyi dəyərdən başlayır.

Dilin taleyi ən çox xalqın psixoloji vəziyyəti ilə, xüsusilə özünü görməsi və sevməsi ilə çox əlaqəlidir. Mən 90-cı illərdə bir neçə günün içində “papa”ların “ata”lara, “mama”ların “ana”lara çevrilməsinə şahid olmuşam. Belə dönərgə hər zaman mümkündür.

Biz müharibədən yeni çıxmışıq, xalqımızın özünəinam, özünəhörmət və özünəsevgisi artdıqca dilimizə münasibəti də arzu olunan səviyyəyə çata bilər.

Nəinki öz ana dilinin qayğısına qalmaq, onu inkişaf etdirmək, dialektləri belə qorumağa çalışmaq və bununla bağlı praktiki işlər görülməlidir”.

Teqlər: