Qərbi Azərbaycanda, Urmiyada, Sulduzda, Makuda və digər şəhərlərimizin uzun müddətdir demoqrafiyasını dəyişmək siyasəti var. Rejim buranı kürd əyalətinə çevirməyə çalışır. Son 45 ildə, adətən, bu bölgədən türk namizədlər irəli sürülüb. Amma bu türklərin (deputat seçilən və ya namizəd olan – red.) manqurtluğu səbəbindən Qərbi Azərbaycanda biz hər gün fəlakətlərlə üz-üzə qalmışıq.
Bu sözləri AzerTimes-a Mərkəz Partiyasının üzvü Elyar Kamrani Azərbaycan ərazisi olan Qərbi Azərbaycanda kürd namizədlərin parlament seçkilərində üstünlük qazanmasına münasibət bildirərkən deyib.
“Kürdlərin Qərbi Azərbaycan əyələtindən seçilməsi rejimin öz planıdır. Burada xalqın rəyi rol oynamır. Tehrandan gələn göstərişdən asılı olaraq seçki qutularından da o adlar çıxır. Bu seçkilərin boykot qərarı verilmişdi. Böyük türk şəhərləri seçkilərə qatılmadı. Əşirətdə yaşayanlar isə Qərbi Azərbaycanda İran rejimi ilə birgə öz layihələrini həyata keçirdilər. Rejim də deyir ki, Qərbi Azərbaycanda kürd-türk davası salmalısınız. Gəlib səs verməlisiniz və mən dünyaya seçkilərin qanuni keçirildiyini göstərməliyəm. Lakin millətimiz öz yolunu seçib. Bir yerdə ki, onun taleyi təyin olunmur, seçkiyə qatılıb-qatılmamasının bir anlamı qalmır. Bunu da deməliyəm ki, türk namizədlər millətin etimadını qazanmayan insanlar olduğu üçün seçkilərdə səs verənlər boş rəy və Azərbaycanla bağlı şüarlar yazaraq qutulara atmışdılar. Məncə, bu bizə bir fürsət olacaq ki, millətimiz Qərbi Azərbaycanda İran rejiminin və terror qruplarının planlarını görə biləcək, gözləri açılacaq”.
Qeyd edək ki, Urmiya şəhərindən İran parlamentinə seçilən 3 namizəddən ikisi milliyyətcə kürddür. Hakim Mamakan və Şahin Cahangirinin qalib elan edilməsindən sonra kürdlər Urmiyada fərmandarlıq binası qarşısında şənlik aksiyası keçirib, “Urmiya Kürdüstandır” şüarları səsləndiriblər.