“Netfliks”də yayımlanan “Terzi” serialına Cahangir Cahangirovun “Füzuli” kantatasına görə baxdım. İndi öyrəndim ki, Şövkət Ələkbərovanın ifasında səsləndirilən bu əsər sözügedən filmdə icazəsiz istifadə olunubmuş. Buna görə “Mikpro” adlı Azərbaycan şirkətinin şikayəti əsasında əsərin səsləndirildiyi seriyalar “Netfliks”dən sildirilib.
Çox təəssüf edirəm. Hüquqi baxımdan bəlkə də haqlıdırlar. Müəlliflik hüququ var və təbii ki, əsərdən istifadə olunursa, razılaşma əldə edilməliydi. Amma mən bir dinləyici olaraq, “Füzuli” kantatasını, Şövkət xanımın məlahətli və unudulmaz ifasını heç vaxt “Terzi”dəki qədər bəyənməmiş və sevməmişdim. O qədər sehrləyici və etkiləyici idi ki filmdə! Türkiyə film industriyası bunu yüksək peşəkarlıq və ustalıqla bacarır! Sanki ilk dəfəydi eşidirdim, ilk dəfəydi dinləyirdim. Filmdə aldığım zövqlə və təsirlə Yutubda da təkrar-təkrar bu ifaya qulaq asdım və hələ də təsirindən çıxmamış kimiyəm…
Demək istədiyim odur ki, bizə nə qədər doğma, yaxın və əziz olsa da, Türkiyədə Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı yetərincə tanınmır. Türkiyə musiqi və incəsənət bomonduna yetərincə nüfuz etməmişik. Və məncə, belə kiçik detallardan – yəni film üçün kiçik – istifadə edilirsə, biz bunun hüquqi və maddi tərəflərindən daha çox mənəvi, təbliğati, tanıtım imkanlarını nəzərdən keçirməliyik.
“Netfliks” kifayət qədər böyük auditoriyası olan ciddi platformadır. Türkiyə 85 milyon əhalisi olan böyük və eyni dili, eyni dəyərləri paylaşdığımız ölkədir. Maddi qazancı yox, mənəvi qazancı önə çəkmək lazımdır bir çox hallarda. Dünyada qəbul olunan “yumşaq güc” anlayışı var. Musiqi də yumşaq gücdür, siyasətdir. Nəyi pis olardı ki, Türkiyə musiqisevərlərini Şövkət xanımın gözəl səsi ilə, Cahangir Cahangirovun ölməz musiqisi ilə, dahi Füzulinin əzəmətli sözləri ilə ovsunlasaydıq, sevdirsəydik, qəbul etdirsəydik. O insanlarda Azərbaycan mədəniyyətinə maraq oyatmağın yollarından biriydi bu və biz bu yolu bağladıq – çox güman, müəyyən bir məbləğ üzərində razılaşma əldə olunmadığına görə. Əvəzində isə çox şey itirildi.
Halbuki bu Türkiyə üçün bir qığılcım rolunu oynaya, maraq yarada, müştərək layihələr ortaya qoyula bilərdi. Çox şey ola bilərdi. Amma biz bu fürsəti, yəni bir təqdimat, lap olsun daha bir təqdimat, tanıtım fürsətini əlimizin arxası ilə geri itələdik.
Min təəssüf…