Bu, türk dünyasının Bakıdan yüksəlişi olacaq – Fulser

Bu, türk dünyasının Bakıdan yüksəlişi olacaq – Fulser

Türkiyəli araşdırmaçı yazar, jurnalist, natiq, təlimçi, podkaster Cahan Fulserin AzerTimes-a müsahibəsi:

– İqlim problemi hazırda daha geniş perspektivdən qiymətləndirilir. Bununla bağlı fikirləriniz maraqlıdır…

– İqlim dəyişikliyi və ya qlobal istiləşmə karbon qazı kimi istilik saxlayan qazların atmosferdə artması nəticəsində əmələ gələn və atmosferə buraxılan istixana qazlarının səbəb olduğu, il boyu quruda, dənizdə və havada ölçülən orta temperaturun artması nəticəsində dünya iqlimində baş verən dəyişiklikdir. 1750-ci ildə başlayan sənaye inqilabından sonra atmosferdə istixana qazlarının miqdarı əhəmiyyətli dərəcədə artdı. Fosil yanacaqların istehlakı, sənaye fəaliyyəti, atmosferdəki istixana qazlarının miqdarının və sıxlığının artması iqlimdə ciddi dəyişikliklərlə nəticələndi. Hazırda iqlim dəyişikliyi quraqlıq, səhralaşma, yağıntılarda qeyri-sabitlik, daşqınlar və s. meteoroloji hadisələrin artması kimi əlamətlərlə müşahidə olunur.

– İqlim şəraiti və iqtisadiyyat çox vaxt bir-biri ilə ziddiyyət təşkil edir. Sizcə, iqlim şəraitini yaxşılaşdırmaqla iqtisadiyyatın inkişafını təmin etmək mümkündürmü?

– Quraqlıq, su problemi çağımızın ekoloji fəlakəti olaraq aclığa səbəb olub, ölkələri məhvə sürükləyərək, dünyada müharibələrə yol açacaq qlobal şər qüvvədir. Düşünürəm ki, türk dünyasının iqlimlə bağlı həll yolları axtarışlarını gücləndirməyi əsas dövlət siyasətinə çevirməliyik.

Sıfır tullantı, su, quraqlıq, hava, dəniz, ətraf mühit – mövzu nə olursa olsun, biz diqqətlə qulaq asmalı, davamlı dəstəyimizi göstərməliyik. Fosil yanacaqlar elektrik enerjisi istehsalı, evlərin isidilməsi, böyük sənaye əməliyyatları, avtomobillər, təyyarələr və nəqliyyat məsələlərinə əsas emissiya mənbələridir. “Bu vəziyyətdə həyatımda necə bir dəyişiklik edə bilərəm?” deyirsinizsə, perma mədəniyyəti və paylaşma kimi alternativləri özünüz yaratmağı düşünün. Bunlara enerji qazanmaq üçün qida tullantılarını azaltmaq, daha az maşın sürmək, yaxud heç sürməmək, gəzintiləri artırmaq və velosiped sürmək kimi nümunələr çəkə bilərəm. Suya qənaət, ətraf mühit kimi məsələlərdə bütün ictimaiyyəti maarifləndirmək, onların təbiətin mühafizəsində iştirakını təmin etmək lazımdır.

– COP konfranslarının əhəmiyyəti hansılardır?

– BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası qlobal istiləşmə ilə bağlı ilk hökumətlərarası ekoloji sazişdir. Müqavilə insan tərəfindən törədilən ətraf mühit problemlərinin iqlimə təhlükəli təsirləri olduğunu qəbul edərək, atmosferdəki istixana qazlarının nisbətlərini azaltmaq və bu qazların mənfi təsirlərini minimuma endirərək, müəyyən səviyyədə saxlamaq məqsədi daşıyır. 1992-ci ildə Braziliyada keçirilən Rio Ətraf Mühitin İnkişafı Konfransı ölkələrin təsdiqi ilə 1994-cü ildə qüvvəyə minmişdir. Konfransda “Səhralaşmaya qarşı mübarizə üzrə Konvensiya” və “Bioloji Müxtəliflik haqqında Konvensiya” qəbul edilib. Hər il tərəflərin konfransı keçirilir. Bu görüşlərə qısaca “COP” da (Conferences of the Parties) deyilir. Kioto Protokolu 1997-ci ildə keçirilən Üçüncü Tərəf Konfransında imzalanıb.

– Hibrid nəqliyyat vasitələri, bərpa olunan enerji və qlobal enerji böhranı, eləcə də karbon tullantılarının minimuma endirilməsinin gündəmdə olduğu bir vaxtda bu konfransın ölkələrimiz və dünya üçün hansı faydası ola bilər?

– Populist yanaşıb, məyus olmaqdansa, real məqsəd və ambisiyalarla oyunu quran kimi davranmaq daha məqbul olardı. Bu cür konfranslar strategiyaların mərkəzidir. Düşünürəm ki, bir il ərzində qlobal miqyasda oyunçular ətraf mühit təşkilatları, inkişaf etmiş ölkələr, iqlim fəalları və siyasi qruplar tərəfindən təzyiqlərə məruz qalmamaq və problemi “təxirə salmaq” üçün belə bir strategiya yürüdürlər. Burada Çin və Rusiyadan başqa Braziliya, Meksika, Yaponiya və Cənubi Koreyanın davranışı, Pakistan, İndoneziya və Malayziyanın mövqeyi Avropa ilə ABŞ arasında güc balansını müəyyənləşdirəcək. Hazırlıqlarını və siyasətini əvvəlcədən müəyyən edən ölkələr fəal olacaqlar. COP29-un türk dünyasının diqqət mərkəzində olacağını düşünürəm. Açığı, məncə, təməl daşı oyunumuz COP29 ilə türk dünyasının qlobal yüksəlişi olaraq qeyd olunacaq.

– COP29-la əlaqədar Bakıdakı hazırlıqları necə qiymətləndirirsiniz?

– Prezident İlham Əliyev başda olmaqla Baş nazir Əli Əsədov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, XİN başçısı Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, daxili işlər naziri Vilayət Eyvazov… – görüşün təşkilində böyük zəhməti keçsə də, adını çəkməyi unutduqlarım ola bilər – hamını təbrik edirəm. 12 aylıq gərgin işin sonuna yaxınlaşırıq. İndi vəzifəmiz bu toplantıda Azərbaycanda baş verən yaxşı hadisələri dünyaya çatdırmaq olacaq. Sənayeləşən cəmiyyətlər suyumuzu, torpağımızı, havamızı çirkləndirmiş, meşələri məhv etmiş, iqlim tarazlığını pozub, atmosferin 2,5 C istiləşməsinə yol açaraq, təbiət hadisələrinin intensivləşməsinə, fəlakətlərin baş verməsinə səbəb olmuşlar. Əminəm ki, türk dünyası Azərbaycanın qonaqpərvərliyi ilə Qərbi yaratdığı dağıntılarla üzləşdirəcək. COP29 konfransını canlı izləyib, şərh edə bilmək üçün Bakıda olmaq istərəm. Türk dünyası oyanır və öz həqiqi ruhuna, kimliyinə bürünür. Dünyanın ən böyük ədalət şanslarından biri də türk dünyasının birləşməsidir.

Teqlər: