Ermənistanın son təxribatı əvvəlcədən düşünülmüş və sistemli şəkildə atılmış addımdır.
Bu sözləri AzerTimes-a açıqlamasında Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib.
Professorun sözlərinə görə, Ermənistanın təxribatlarının məqsədi danışıqlar prosesini uzadaraq əlavə dividentlər qazanmaqdır:
“Siyasi hakimiyyətin xəbəri olmadan belə genişmiqyaslı təxribat törətmək mümkün deyil. Əvvəllər Paşinyan danışıqları ləngitmək üçün daxili müxalifəti bəhanə edirdi. Ancaq indi məsuliyyətdən boyun qaçıra bilməz. Təxribatın arxasında Ermənistandakı bütün siyasi çevrələr və İrəvanı dəstəkləyən xarici dairələr durur. Məqsəd isə Qarabağın “status” məsələsini yenidən gündəmə gətirmək, MQ-ni aktivləşdirmək və Zəngəzur dəhlizinin açılmasını əngəlləməkdir. Paşinyanın Qarabağ haqqında danışmağa heç bir hüququ yoxdur. Çünki artıq ortada belə bir məsələ mövcud deyil. Azərbaycan Qarabağı işğaldan azad edərək öz ərazi bütövlüyünü təmin edib. Məsələ bitib. Dəhliz məsələsi ikitərəfli şəkildə həll edilməlidir. Əgər Xankəndidəki ermənilərə Azərbaycan ərazisində yaşamağa və Ermənistana gedib-gəlməyə icazə verilirsə, yol çəkilirsə, demək ki, İrəvan da Zəngəzurdan Azərbaycana mütləq şəkildə dəhliz verməlidir.
O ki qaldı Ermənistanın KTMT-nin müraciəti məsələsinə, demək istəyirəm ki, Azərbaycan Ermənistana hücum etməyib, sərhədləri pozan və təxribatlarla məşğul olan düşmənin qarşısını almaq üçün tam hüquqi, adekvat tədbirlər görüb. KTMT hər şeydən öncə Ermənistan əsgərlərinin qanunsuz şəkildə Azərbaycan ərazisinə niyə girdiyini soruşmalıdır. Ümumiyyətlə, Ermənistan bölgədə vəziyyətin gərginləşməsində maraqlıdır və ona sülh üçün verilən təkliflərin heç birini qəbul etmir, ya da öhdəliklərindən boyun qaçırır. Ona görə də Azərbaycan İrəvanı sülhə məcbur etmək üçün atdığı bütün siyasi və hərbi addımlarında haqlıdır”.