Dünyada baş verən iqlim dəyişikliyi müxtəlif ölkələrin inkişafına, qlobal iqtisadiyyatın təkamülünə, ərzaq təminatına, ekoloji tarazlığa, insanların həyat tərzinə və sağlamlığa, təbii fəlakətlərə, ekosistemlərinin pozulmasına, miqrasiya proseslərinin güclənməsinə səbəb olur.
AzerTimes xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov “LAW & CLİMATE” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.
O qeyd edib ki, iqlim dəyişikliyi insan həyatının bütün sahələrinə təsir edir və bu dəyişiklərinin fəsadları eyni zamanda hüquqdan da yan keçmir: “Bu proseslər insan hüquqlarının pozulmasına, məhkəmə çəkişmələrinin yaranmasına, məsuliyyət tədbirlərinin tətbiqinə, məhkəmə təcrübəsinin formalaşmasına səbəb ola bilir. Nəticə etibarilə iqlim dəyişikliyi təkcə ekoloji, sosial-iqtisadi məsələ deyil, həm də hüquqi məsələdir.
Baş verən iqlim dəyişikliyi əsasən insan davranışlarının və fəaliyyətinin nəticəsidir. Bu baxımdan, biz əvvəlcə davranışlarımızı və sosial normalarımızı, habelə ətraf mühitdən istifadəyə baxışlarımızı dəyişmədən iqlim dəyişikliyi ilə mübarizə apara bilmərik”.
Sədrin sözlərinə görə, fəaliyyətləri bir-biri ilə əlaqəli olan hüquq peşəsinin sahibləri bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi və tətbiqində, eləcə də məhkəmə təcrübəsinin formalaşdırılmasına, iqlim dəyişikliyi ilə mübarizədə qabaqlayıcı tədbirlərin görülməsində vacib rola malikdirlər: “Bütün hüquq institutları ekoloji cinayətkarlıqla mübarizədə effektiv olduqları kimi, təbiəti mühafizə sahəsində də yeni hüquq münasibətlərinin yaranmasının təşəbbüskarı kimi çıxış edirlər. Nəticə etibarilə hüquqi yanaşmaların da paralel olaraq inkişaf etməsinə təkan verirlər.
Bugünkü konfrans, həmçinin Azərbaycan Respublikası tərəfindən iqlim dəyişiklərinin qarşısının alınması üçün qəbul edilmiş səylərin və tədbirlərin təqdimatında səmərəli olacaq. Dünyada gedən proseslərə hər zaman müsbət töhfəsini verən ölkəmiz də iqlim dəyişikliyi ilə mübarizədə həmrəylik nümayiş etdirir. Azərbaycan iqlim dəyişiklərinin qarşısının alınmasında, beynəlxalq hüququn formalaşmasında əvəzsiz töhfələrini verməkdədir və beynəlxalq təsəbbüslərin irəli sürülməsində qabaqcıl ölkələrdən biridir. İnanırıq ki, bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək COP29 kimi mötəbər beynəlxalq tədbir iqlim dəyişikliyi ilə mübarizə sahəsində vacib qərarların, qlobal təşəbbüslərin və beynəlxalq hüquqi sənədlərin qəbul edilməsinə şahidlik edəcək”.