Bu təhsil şöbəsində dərslərin keçirilməsi adı ilə müəllimlərə əməkhaqqı ödənildiyi aşkar olunub

Kəlbəcər Rayon Təhsil Şöbəsində bəzi maliyyə pozuntuları aşkarlanıb.

Maliyyə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kəlbəcər Rayon Təhsil Şöbəsində sinif komplektlərinin artıq saxlanıldığı, müəllimlər tərəfindən sinif jurnallarında dərslərin keçirilməsi barədə qeydlər olmadığı, habelə məktəblərdə sinif otaqlarının sayı imkan vermədiyi halda dərslərin keçirilməsi adı ilə müəllimlərə əməkhaqqı ödənildiyi aşkar olunub.

Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan nəzarət tədbirləri zamanı müxtəlif obyektlərdə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”na uyğun olaraq müvafiq protokollar tərtib edilib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.1-ci və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 108 nəfər vəzifəli şəxsə 82 min manat məbləğində cərimələr tətbiq edilməklə dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və digər təşkilatlarda bu cür hallara yol verilməsinin qarşısının alınması məqsədilə, habelə təqsirkar vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyətlərinə, müvafiq yerli icra hakimiyyətlərinə və maliyyə orqanlarına məktublar göndərilib.

Xidmət tərəfindən aparılan nəzarət tədbirləri üzrə artıq və əsassız ödənilmiş vəsaitlər məsul vəzifəli şəxslər tərəfindən dövlət büdcəsinə ödənilərək bərpa edilmiş, prokurorluq və hüquq-mühafizə orqanlarının qərarlarına əsasən aparılan nəzarət tədbirləri ilə aşkar edilən artıq və əsassız ödənişlərin bir hissəsi ibtidai istintaq zamanı təqsirkar şəxslər tərəfindən nağd qaydada dövlət büdcəsinə ödənilməklə bərpa edilmiş, qalan hissəsinin bərpası isə məhkəmə qərarlarına əsasən, təqsirkar şəxslərin əmlaklarına yönəldilməklə hazırda müvafiq dövlət orqanları tərəfindən davam etdirilir.

Teqlər: