Dünyanın ən zəngin beş adamı 2020-ci ildən bəri sərvətlərini iki dəfədən çox artıraraq 405 milyard dollardan 869 milyard dollara yüksəldib. Onlar saatda 14 milyon dollar qazanıb.
AzerTimes xəbər verir ki, bu barədə “Oxfam” beynəlxalq xeyriyyə və humanitar təşkilatı məlumat yayıb.
Məlumata görə, eyni zamanda, demək olar ki, 5 milyard insan yoxsullaşıb:
“Mövcud tendensiyaların davam edəcəyini fərz etsək, dünyanın 10 il ərzində ilk trilyonçusu olacaq, lakin yoxsulluğun daha 230 il aradan qaldırılması mümkün olmayacaq.
Milyarderlər dünyanın 10 ən böyük korporasiyasından 7-nə rəhbərlik edirlər. Bu şirkətlərin aktivlərinin ümumi dəyəri 10,2 trilyon dollara çatır ki, bu da Afrika və Latın Amerikasının bütün ölkələrinin ümumi ÜDM-inə bərabərdir.
Milyarderlər arasında amerikalı sahibkar, “Tesla” və “SpeysX”-in qurucusu İlon Mask, LVMH (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun prezidenti Bernard Arnault, “Amazon” elektron ticarət korporasiyasının təsisçisi Ceff Bezos, “Orakl” (Oracle) proqram təminatı tərtibatçısı Larri Ellison və “Maykrasoft” korporasiyasının qurucusu Bill Qeyts var.
Planetin ən zəngin insanlarının 1%-i bütün qlobal maliyyə aktivlərinin 43%-nə sahibdir. Milyarderlər 2020-ci ildən bəri 3,3 trilyon dollar zənginləşib və sərvətləri inflyasiya səviyyəsindən üç dəfə sürətlə artıb”.