Mərkəzi Bank bankomatlar vasitəsilə plastik kartlardan vəsaitlərin nağdlaşdırılması zamanı haqların aşağı salındığını bildirib. Bu, xüsusən digər bankların bankomatlarından nağdlaşdırma zamanı xərclərə aiddir. Bu, müsbət hal olsa da, sözügedən xidmətdə güzəşt edən bəzi banklar digər istiqamətlərdə qiymət artımlarına getməklə yenə də müştərilər hesabına daha çox gəlir əldə etməyə çalışırlar. Yəni, nəticədə yenə də müştərilərin xidmətlər üzrə xərcləri yüksək olaraq qalacaq.
AzerTimes.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.
Bayramovun sözlərinə görə, bir sıra sistem əhəmiyyətli banklar SMS xəbərdarlıq tarifini gələn aydan 2.5 dəfə artırmaq qərarı veriblər:
“Əvvəllər 40 qəpiyə olan bu xidmət gələn aydan 1 manat olacaq. Əslində bunun özü də süni qiymət artımı və ya sektor mövqeyindən istifadə deməkdir. Çünki nəinki son dövrlər rabitə tariflərində hər hansı artım yoxdur, əksinə, texnologiyanın yeniləşməsi SMS göndərmənin maya dəyərini xeyli aşağı salıb. Belə olan halda bu xidmətlərdə kəskin qiymət artımını iqtisadi baxımdan izah etmək mümkün deyil. Bu baxımdan, requlator kimi Mərkəzi Bankın belə kəskin tarif artımlarının səbəblərini araşdırması və bu yöndə interventiv addımlar atması çox vacibdir. Bəlkə də SMS xidmətinin 1 manata çatdırılması yüksək xərc kimi görünməyə bilər. Amma sistem əhəmiyyətli banklarda müştərilərin sayını nəzərə alsaq, bu, kifayət qədər böyük dövriyyə deməkdir. Bu baxımdan da liberal iqtisadiyyat prinsipləri çərçivəsində belə süni qiymət artımlarının tənzimlənməsi çox vacibdir”.