Bu sürücülər qaydaları heçə sayırlar – DİN

Bu sürücülər qaydaları heçə sayırlar – DİN

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) moped və motosiklet sürücülərinə müraciət edib.

NİİM-dən AzerTimes-a verilən məlumata görə, işıqforun qırmızı işığından keçən moped sürücüsü yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub. Hadisə bu gün günorta saatlarında Nərimanov rayonu, Təbriz və İzzəddin Həsənoğlu küçələrinin kəsişməsində baş verib.

“Məsələ burasındadır ki, paytaxtın müxtəlif küçə və prospektlərində moped və motosiklet sürücülərinin bir çoxu işıqoforun qırmızı işığından keçir, əks istiqamətdə getməklə və piyada səkiləri ilə hərəkət etməklə qaydaları heçə sayırlar. “Yol Hərəkəti haqqında” qanunun tələblərini kobud şəkildə pozan belə sürücülər səbəb olduqları yol-nəqliyyat hadisəsinin qurbanı olmaqla yanaşı, digər yol hərəkəti iştirakçılarının həyatı üçün də təhlükəli vəziyyət yaradırlar. Təhlillər göstərir ki, bu sürücülərin bəziləri motodəbilqədən istifadə etsə də, müəyyən hissəsi qoruyucu dəbilqələrdən istifadə etmir. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq bir daha moped və motosiklet sürücülərinə tövsiyə edirik ki, yol hərəkəti qaydalarına düzgün riayət etsinlər, özlərinin və digərlərinin həyatı üçün təhlükə yaratmasınlar”, – müraciətdə vurğulanıb.

Teqlər: