Xəbər verdiyimiz kimi, Real TV-nin rəhbəri, tanınmış jurnalist Mir Şahin sosial şəbəkələrdə bəzi şəxslərin onların ünvanına yağdırdığı təhqirlərə sərt reaksiya verib. Bu təhqirlərin səbəbi isə Real TV-də reyestrdən keçmədən, fəaliyyyətlərini şantaj üzərində quran “media subyektləri”nin ifşası olub.
AzerTimes Real TV-nin sözügedən süjetini təqdim edir:
Nəhayət ki, “Media haqqında” yeni qanunun kütləvi informasiya vasitələri sahəsindəki xaosun qarşısını almağa başladığı dövrə gəlib çatmışıq. Artıq MEDİA Agentliyi media reyestrindən keçməyən saytların fəaliyyətinə məhkəmə yolu ilə xitam verilməsi prosesinə start verib. İndiyədək məhkəmələr tərəfindən bir neçə belə qərar qəbul edilib. Bu, MEDİA Agentliyinin istəyi deyil, qanunun tələbidir və Agentlik qanunun icrası ilə bağlı tədbirlər görür.
Xatırladaq ki, “Media haqqında” qanunun 62.2-ci və 73.5-ci maddələrinə əsasən çap mediası və onlayn media subyektləri media məhsulunun istehsalından və materialın yayımlanmasından yeddi gün əvvəl Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə (MEDİA Agentliyi) Media Reyestrinə daxil edilmələri üçün rəsmi müraciət etməlidirlər. Dövlət reyestrinə daxil edilməyən çap və ya onlayn media subyektlərinin fəaliyyətinə məhkəmə qaydasında xitam verilir. Media Reyestrinin istifadəyə verildiyi tarixə qədər artıq fəaliyyət göstərən media subyektləri 6 ay ərzində Reyestrə müraciət etməlidirlər. Əks təqdirdə onların da fəaliyyətinə məhkəmə qaydasında xitam verilir.
Qəbul edilən qərarlar reketlik fəaliyyəti ilə məşğul olan, Media Reyestrinə daxil omaq üçün ötən müddət ərzində heç bir addım atmayan və ya media üçün kriteriyalara cavab verməyən bir neçə saytın rəhbərini narahat etməyə başlayıb. Onlar dövlət orqanları ilə hədə-qorxu, şantaj dilində danışmağa, 3-4 nəfərlik aksiya keçirəcəkləri barədə bəyanatlarla vəziyyətlərini yüngülləşdirmək cəhdlərinə başlayıblar. Məsələ burasındadır ki, bu saytlar özləri barədə xəbərləri belə oxucuya düzgün çatdıra bilmirlər. Məsələn, bu xəbərə diqqqət yetirək. “İlkin stansıya…” Burda söhbət dəmir yolundan yox, məhkəmədən gedir və haqqında danışılan “stansiya” yox, “instansiya”dır. Yaxud, Bakı Ali Məhkəməsi. Azərbaycanda üçpilləli məhkəmə sistemi mövcuddur və bu pillələrdən biri Azərbaycan Respublikasının Ali Məhkəməsidir. Məhkəmə sistemində “Bakı Ali Məhkəməsi” deyilən instansiya mövcud deyil. Bunlar cəmi bir cümlədə rastlaşdığımız səhvlərdir və bundan sonra belə təsadüfi adamların media nümayəndəsi adına iddia etməsi gülüncdür.
Haqqında danışdığımız adamlar bir qrup şəklində fəaliyyət göstərir. Onlar şantaj tipli yazıları bir-birinə ötürür, tirajlayır, daha sonra hədəfə aldıqları şəxslərdən, qurumlardan pul tələb etməyə başlayırlar. Nə qədər acı olsa da, bu adamlara pul verməyə razılaşanlar da tapılır.
Media sahəsində xaosun bitməsini hər kəs, elə əsl jurnalistlərin özləri də çoxdan gözləyirdi. Nəhayət, həmin an gəlib çatıb və indi gördüyümüz müqavimət köhnəliyin yeniliyə qarşı üsyanıdır.
Kadrda gördüyünüz bu iki şəxs özünü sayt rəhbəri kimi təqdim edir. Pərvin Abışova adlı bu qadın əvvəllər müxtəlif sahələrdə özünü sınasa da, bu cəhdləri uğursuz olub və sonra özünə sayt açmaq qərarına gəlib. Artıq media sahəsində qayda-qanun yaradıldığını görən Abışova xaricə gedəcəyini, ordan Azərbaycan əleyhinə fəaliyyət göstərəcəyini bəyan etməklə dövlət qurumlarını şantaj etməyə başlayıb.
Bütün bu müqavimət cəhdləri MEDİA Agentliyini, məhkəmələri geri çəkilməyə məcbur etmək məqsədi daşıyır. Agentliyin başlatdığı proses nə qədər çətin olsa da, müqavimətlə rastlaşsa da, uğurla başa çatdırılmalı və media sahəsi belələrindən təmizlənməli, jurnalistlərin təmiz adı özünə qayıtmalıdır. Bu, MEDİA Agentliyinin ölkə qarşısında, xalq qarşısında ən böyük xidmətlərindən biri olacaq.