Biləsuvarda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması halları aşkar edilib.
DİN-in Mətbuat Xidmətindən AzerTimes verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində keçirilən tədbirlər nəticəsində rayon ərazisində 5 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.
Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində keçirilən tədbirlər nəticəsində daha 2 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.