Mülkiyyətində yaşayış sahəsi olan fiziki şəxslər tərəfindən alınan ipoteka krediti şərtlərinin sərtləşdirilməsi ilə bağlı mətbuatda yayılan məlumatlar yanlışdır.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) ipoteka kreditlərinin tənzimlənməsi ilə bağlı mətbuatda gedən məlumatlara dair açıqlamasında bildirilib.
Qeyd edilib ki, son günlərdə kütləvi informasiya vasitələrində (KİV) Mərkəzi Bank tərəfindən mülkiyyətində yaşayış sahəsi olan fiziki şəxslər tərəfindən alınan ipoteka krediti şərtlərinin sərtləşdirilməsi ilə bağlı yanlış məlumatlar yer almaqdadır.
“Bununla əlaqədar olaraq bildiririk ki, Mərkəzi Bankın 22 iyul 2022-ci il tarixli 29/1-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”da daşınmaz əmlak krediti üzrə ilkin ödənişə dair tələblər sərtləşdirilməmiş, əksinə yumşaldılıb.
Yeni qaydanın qəbulundan sonra daşınmaz əmlak krediti mülkiyyətində yaşayış sahəsi olmayan fiziki şəxs tərəfindən alındıqda və həmin yaşayış sahəsinin ipotekası ilə təmin edildikdə kreditin təminata nisbəti əmsalına dair tələb yumşaldılaraq 70 %-dən 85 %-ə qaldırılıb (yəni, ilkin ödəniş minimum 30 %-dən 15 %-ə salınıb). Digər daşınmaz əmlak kreditləri üzrə kreditin təminata nisbəti əmsalına dair tələb isə 2018-ci ilin 16 noyabr tarixindən etibarən tətbiq edildiyi kimi maksimum 70% həddində saxlanılıb. Bununla yanaşı qeyd edək ki, Mərkəzi Bankın sözügedən tələbləri yalnız bankların daxili daşınmaz əmlak kreditlərinə şamil edilir”, – məlumatda deyilir
Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinə dair tələblər Azərbaycan Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası” ilə tənzimlənir.