Bu sərəncam müharibə qəhrəmanlarının mənzil təminatı üçün daha geniş mənbələr yaratmış olacaq – Deputat

Xəbər - Elçin Mehdiyev -Trend:

Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında sağlamlığını itirmiş qəhrəman qazilərimizin, müharivə veteranlarımızın, şəhid ailələlərinin etibarlı və fasiləsiz sosial müdafiəsi, mənzil-məişət şəraitlərinin və sosial şəraitlərinin yaxşılaşdırılması dövlətimizin xüsusi diqqət mərkəzindədir. Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial vəziyyəti və maddi şəraitinin yaxşılaşdırılması, mənzillə təminatı istiqamətində ardıcıl mühüm addımlar atılır.

Bunu AzerTimes-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, Vətən Müharibəsi Qəhrəmanı adı verilmiş şəxslərin, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinin mənzillə təmin edilməsi üçün əlavə addımların atılması isə dövlətin güclü sosial iradəsini təsdiqləyir:

“Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov dövlət başçısının imzaladığı “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Sərəncamı” şərh edərkən bildirib. Bu sənəd Vətən Müharibəsi qəhrəmanlarına dövlətin davamlı xüsusi qayğısının növbəti təzahürüdür”.

Aydın Hüseynov qeyd edib ki, Prezidentin yeni fərmanına əsasən, Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin mənzillə təmin edilməsi üçün əlavə maliyyələşmə mexanizmindən də istifadə ediləcək. Belə ki, İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına inşa edilmiş mənzillərin bir qismi həmin məqsədlərə yönəldiləcək və müharibə qəhrəmanlarının mənzil təminatı üçün daha geniş mənbələr yaranmış olacaq. “Bu məqsədyönlü siyasətin nəticəsində Vətən Müharibəsi Qəhrəmanlarının və ailə üzvlərinin mənzil təminatı üçün əlavə yeni imkanlar yaranacaq və onların hər biri növbəliliklə daha tez bir zamanda mənzillə təmin olunacaqlar. Eyni zamanda, dövlətin il ərzində bu şəxslər üçün nəzərdə tutduğu mənzillərin sayı artırılmış olacaq. Bu da Azərbaycanda bu kateqoriyadan olan insanlara ilk növbədə daha etibarlı və ən yüksək qayğının ifadəsi hesab edilə bilər”.

Millət vəkili bildirib ki, 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfərdən sonra dövlətimiz ərazi bütövlüyümüzün təmin olunmasında fədakarlıq göstərmiş bütün hərbçilərə və onların ailələrinə davamlı olaraq mühüm imtiyazlar, güzəştlər etməkdədir.

“Son 7-8 ay ərzində dövlət başçısı tərəfindən bir sıra mühüm fərman və sərəncamlar imzalanıb. Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər üçün nəzərdə tutulan güzəşt və imtiyazların əhatə dairəsi genişləndirilib, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərin sosial müdafiəsi ilə bağlı bir sıra güzəştlər də nəzərdə tutulub. Şəhid ailələrinə Prezident təqaüdü, şəhidin pensiya hüququ olduqda ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya, pensiya hüququ olmadıqda isə ailə başçısını itirməyə görə hər bir ailə üzvünə 80 manat məbləğində müavinət müəyyən edilib. Bütün şəhid ailəsi üzvləri mənzil və ya fərdi evlə, avtomobillə təmin edilməsi nəzərdə tutulub. Şəhid ailəsi üzvləri sanatoriya-kurort müalicəsi xərcləri dövlət tərəfindən ödənilir, şəhid uşaqları təhsil haqqını ödəməkdən azad olunurlar. Ailə üzvləri ilk növbədə, növbədənkənar işlə təmin olunur, yaxud özünüməşğulluğa cəlb edilir. Şəhid ailəsi üzvləri üçün vergi, əmək qanunvericiliyində və s. bir sıra güzəştlər nəzərdə tutulub. Eləcə də, qazilərimiz üçün dövlətin kifayət qədər sosial dəstəyi vardır. Onlara Prezident təqaüdü və aylıq müavinətlər ödənilir, mənzil və avtomobil təminatı davamlı olaraq yerinə yetirlir. İşlə təmin edilməsi üçün xüsusi imtiyazları var, qazilərimizin övladları təhsil haqqını ödəməkdən azaddırlar. Həmçinin, Prezidentin “Hərbi qulluqçuların statusu haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və qanunlarda, Əmək və Vergi Məcəllələrinə dəyişikliklər etməsi Vətən müharibəsi iştirakçılarının ailələrinə müxtəlif sosial güzəştlərin tətbiqinə səbəb olub. Eyni zamanda, Vətən müharibəsi qəhrəmanlarının gəlir vergisindən azad olunublar. Bütün bu qərarlar bir daha Azərbaycan hökumətinin ordumuza, hərbçilərimizə davamlı olaraq öz sosial qayğısını artırmaq niyyətini göstərir”.

Teqlər: