Ölkədə televiziya tamaşaçıları arasında keçirilən son araşdırmalara əsasən, əhalinin 76 faizi peyk siqnalı vasitəsilə qəbul edilən kanallara baxır, 15 faizi kabel televiziyalarının, 4 faizi isə İPTV abunəçisidir, 3 faizi də yerüstü rəqəmsal yayımlara tamaşa edir.
AzerTimes Report-a istinadla xəbər verir ki, qanunsuz fəaliyyət göstərən OTT platformaları üzərindən televiziyaya baxanların sayı 18 faizə çatıb, bölgələrdə sürətli internet yayıldıqca bu rəqəm daha da artacaq.
Hazırda ölkə boyu qanunsuz televiziya yayımlarının fəal istifadəçilərinin sayı 300 mindən artıqdır. Qanunsuz yayımlanan internet saytlarının, OTT platformlarının (o cümlədən müxtəlif cihazlara yüklənmiş olanlar) istifadəçilərinin çoxalması orada müxtəlif reklamların yerləşdirilməsi, əslində qanunsuz reklam bazarının təşəkkülü deməkdir.
Əvvəllər qanunsuz yayımlanan saytlarda bukmeyker tətbiqlərinin reklamı gedirdisə, bu gün qanunsuz OTT platformları tərəfindən teleyayım əsnasında əmtəə və xidmət reklamı formatı təklif edilir.
Rəqəmli və Audiovizual Yayım Sənayesi İctimai Birliyinin proqnozlarına görə, təcili tədbirlər görülməsə, rəsmi yayımlanan telekanallardakı reklam bazarının həcmi 2022-ci ildəki 42 milyon manatdan 2024-2025-ci illərdə 30 milyon manatadək, yəni 28,6 faiz geriləyəcək.
Qeyd edək ki, OTT – Over the Top: internet üzərindən video xidmətlər göstərilməsi şəkli, provayderdən istifadəçinin qurğusuna şəbəkə vasitəsilə siqnalın ötürülməsini ehtiva edir.