Xəbər - Elçin Mehdiyev – Trend:
Martın 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin iclası keçirilib. Komitənin sədri Tahir
Mirkişili iclası açaraq gündəliyə daxil edilən məsələlər barədə
məlumat verib.
AzerTimes-ın
məlumatına görə, ilkin olaraq “Dövlət rüsumu haqqında” və
“Lisenziyalar və icazələr haqqında” qanuna dəyişikliklərlə bağlı
qanun layihələri təqdim edilib.
Diqqətə çatdırılıb ki, hər iki qanun layihələrinə dəyişiklik
“Media haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən
hazırlanıb və teleradio yayımı subyektlərinin adıçəkilən qanunla
müəyyən edilmiş audiovizual media subyektlərinin təsnifatına
uyğunlaşdırılıb.
Eyni zamanda qeyd olunub ki, “Dövlət rüsumu haqqında” Qanunun
7-ci maddəsində edilən düzəliş əsasında isə dövlət rüsumunun
ödənilməsi ilə bağlı maddə əlavə edilir. Belə ki, 7.2-ci maddəyə
əsasən bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulan nəzarətin
həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcəkdir.
Bundan əlavə, “Media haqqında” Qanuna uyğunlaşdırılaraq “Dövlət
rüsumu haqqında” Qanunun 22-ci maddəsində müvafiq dəyişikliklər
edilmişdir. Bu dəyişikliklər bəzi rüsumların məbləğində öz əksini
tapmışdır. Müvafiq düzəlişləri nəzərə alaraq “ümumrespublika
televiziya yayımı”, “ümumölkə yerüstü televiziya yayımçısı” ifadəsi
ilə əvəz edilir və dövlət rüsumunun məbləği 10 dəfə azaldılaraq
5000 manat təsbit olunur. Digər maddələrdə isə hər iki Qanuna
təklif olunan dəyişikliklər əsasən dəqiqləşdirmə xarakteri daşıyır.
Qanun layihələrində “regional televiziya yayımı”, “ümumrespublika
radio yayımı”, “regional radio yayımı”, “abonentlərinin sayı
5000-dək olan kabel şəbəkəsi yayımı”, “abonentlərinin sayı 5000-dən
çox olan kabel şəbəkəsi yayımı”, “peyk yayımı” ifadələrinin müvafiq
olaraq “regional yerüstü televiziya yayımçısı”, “ümumölkə yerüstü
radio yayımçısı”, “regional yerüstü radio yayımçısı”, “sadə
platforma operatoru” , “universal platforma operatoru”, “peyk
yayımı həyata keçirən platforma yayımçısı” ifadələri ilə əvəz
olunması nəzərdə tutulur.
Gündəliyə daxil edilən digər məsələ “Dövlət əmlakının
özəlləşdirilməsi haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı
qanun layihəsi olmuşdur.
Qeyd edilmişdir ki, Qanunun 11.2-ci maddəsinə əsasən həmin
maddədə nəzərdə tutulan məqsədlər üçün özəlləşdirməni həyata
keçirən dövlət orqanının hesabına özəlləşdirmədən əldə edilən
vəsaitdən ayırmalar edilir, habelə təklif olunan dəyişikliyə əsasən
bu vəsaitlərin istifadə məqsədləri daha da genişləndirilir və
buraya özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin
dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının
qorunub saxlanması və mühafizəsi, dövlət əmlakının satıcısının
maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri də daxil
edilir. Komitə sədri Qanun layihəsinin qeyd olunan sahələrdə
müvafiq dövlət orqanının fəaliyyətinin səmərəliyinin
yüksəldilməsinə xidmət edəcəyini vurğulamışdır.
Sonra “Antiinhisar fəaliyyəti haqqında”, “Yeyinti məhsulları
haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə digər qanun layihələrinə
baxılıb.
Nəzərə çatdırılıb ki, “Azərbaycan Respublikası Dövlət
Ehtiyatları Agentliyinin yaradılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin fərmanı ilə dövlət və səfərbərlik
ehtiyatlarının yaradılması sahəsində dövlət siyasətinin
hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə
tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji
əhəmiyyətli mallarla təchizatının dayanıqlığını təmin etmək və
daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət
dəyişmələrinin qarşısını almaq məqsədilə Dövlət Ehtiyatları
Agentliyi yaradılmış və onun nizamnaməsi təsdiq edilmişdir. Buna
uyğun olaraq qanun layihəsinin adıçəkilən fərmanları diqqətə alaraq
hazırlandığı və dəqiqləşdirmə xarakteri daşıdığı qeyd
edilmişdir.
Sonda isə “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik edilməsi
barədə qanun layihəsi plenar iclasda üçüncü oxunuşa müzakirəyə
çıxarılması tövsiyə olunmuşdur.
İclasda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət
Xidmətinin rəisi Mətin Eynullayev və həmin qurumun Strateji
planlaşdırma, innovasiyalar və təhlil şöbəsinin müdiri İlqar
Həbiyev iştirak etmişlər.