Azərsu ASC Qurban Bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
ASC-dən AzerTimes-a verilən məlumata görə, qeyri-iş günlərində həm mərkəzi idarə aparatında, həm də regional, yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq.
Bu məqsədlə qurumun sədr müavinləri, department və şöbə rəisləri səviyyəsində növbətçilik cədvəli təsdiq olunub. Əhalinin içməli su təchizatında dayanıqlığın təmin olunması məqsədilə heç bir planlı fasilə olmayacaq, qəza xidmətləri, 955 Zəng Mərkəzi fasiləsiz fəaliyyət göstərəcək.
İstehlakçılardan xahiş olunur içməli su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu”yun 955 Zəng Mərkəzinə müraciət etsinlər. Eyni zamanda vətəndaşlar (055) 209-95-59 votsap nömrəsi və facebook sosial şəbəkəsi vasitəsilə də müraciətlərini ünvanlaya bilərlər.
Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün lazımi təşkilatı və texniki tədbirlər görüləcək.