Məhbus həyatı yaşayanlar bayramları adi vətəndaşlardan daha çox gözləyir. Çünki adətən bayramlarda imzalanan əfv fərmanları onlara yenidən azadlıqlarını bəxş edir.
Azərbaycanda əfv fərmanları əsasən Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Novruz, Ramazan və Qurban bayramları ərəfəsində imzalanır. Qarşıdan Qurban bayramı gəlir. Bu bayram yenidən məhbus həyatı yaşayanlara, onların ailələrinə sevinc yaşadacaqmı?
Qurban bayramı ərəfəsində əfv fərmanının imzalanıb-imzalanmayacağını məsələsi ilə bağlı Əfv Məsələləri Komissiyasının üzvü Əliməmmməd Nuriyevlə dəqiqləşdirdik. Sabiq millət vəkili bildirdi ki, əfv fərmanı gözlənilmir:
“Düşünmürəm ki, Qurban bayramında əfv fərmanı olacaq. Nəzərə almaq lazımdır ki, mart ayında böyük bir əfv olub. Bunun nəticəsində 400 nəfərdən çox məhkuma azadlıq verilib. Bu çox böyük rəqəmdir. Ona görə də düşünmürəm ki, belə qısa müddət ərzində yenidən əfv sərəncamı olsun. Fərman imzalanmazdan öncə komitənin iclasları olur, müraciətlər müzakirə edilib siyahı hazırlanır.. Hələ ki, həmin iclas keçirilməyib. Lakin bu, prezidentin müəyyən etdiyi məsələdir. Dövlət başçısı belə bir qərar versə, əfv ola bilər“.