Taxoqraf cihazı şəhərdaxili taksilərə aid deyil.
AzerTimes xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
O qeyd edib ki, taxoqraf, beynəlxalq sərnişin və yükdaşımalara aiddir:
“Taksilərə ancaq taksometr aiddir. Əgər proqram təminatı varsa, taksometrə ehtiyac yoxdur”.
Xatırladaq ki, ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında ölkədaxili və beynəlxalq sərnişin və yük daşımaları ilə bağlı bir sıra qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb.
“Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliyə əsasən, qanuna analoq taxoqraf anlayışı daxil edilir. Analoq taxoqraf avtonəqliyyat vasitəsinin hərəkətinə, о cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektromexaniki nəzarət cihazıdır.
Bir sıra sosial şəbəkələrdə taxoqraf cihazının taksilərə də quraşdırılacağı ilə bağlı məlumatlar yayılıb.