Bu qərar ölkəmizə hörmətin təzahürüdür – Prezident

Bu qərar ölkəmizə hörmətin təzahürüdür – Prezident

Beynəlxalq ictimaiyyətin yekdil mövqeyi ilə COP29-un Azərbaycanda keçirilməsi barədə qərar ölkəmizə etimadın və hörmətin təzahürüdür.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 2-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stili qəbul edərkən deyib.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycan tərəfi bu tədbirin uğurla keçirilməsi üçün bu təşkilatla və bütün BMT ailəsi ilə yaxından əməkdaşlıq etməyə hazırdır. Azərbaycanın beynəlxalq tədbirlərin təşkili üzrə zəngin təcrübəsinin olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, COP29 ölkəmizdə keçirilən və ümumiyyətlə dünyada miqyasına görə ən çox iştirakçının qatıldığı tədbirlərdən biri olacaq. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan tərəfindən həm təşkilati, həm də tədbirin mahiyyəti nöqteyi-nəzərindən bütün zəruri addımlar atılır və bu baxımdan ölkəmiz beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığı yüksək qiymətləndirir. Azərbaycan Prezidenti COP29-un təşkili prosesinə könüllülərin də yaxından cəlb olunacağını deyib.

Dövlətimizin başçısı qeyd etdi ki, COP29-un Azərbaycanda keçirilməsi barədə qərar regional sülh gündəliyinin irəliləyə aparılması kontekstində əldə edilib və bu da ümumiyyətlə COP-un tarixində yeni bir inkişafdır.

Prezident İlham Əliyev Azərbaycanın milli və regional səviyyədə yaşıl enerjiyə keçid istiqamətində təşəbbüsləri barədə məlumat verib, COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin yaşıl enerjiyə keçid istiqamətində səylərinə və bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlığının daha da inkişafına təkan verəcəyinə əminliyini bildirib.

Teqlər: