“Laçın” sərhəd-buraxılış məntəqəsində Azərbaycanın suveren hüquqlarının bərpa edilməsi Qarabağda sülhün təmin olunmasına ən böyük tövhə olacaq.
AzerTimes xəbər verir ki, bu sözləri millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
S.Qurbanovun sözlərinə görə, “Laçın” sərhəd-buraxılış məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin postu qoyulduqdan sonra oradan Qarabağ ərazisinə humanitar yük adı ilə hətta Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobillərində qaçaqmalçılıq edilməsi, Azərbaycana qarşı soyqırım cinayəti törətməkdə ittiham olunan cinayətkarların sərbəst hərəkəti onu göstərdi ki, sözügedən dəhliz erməni separatçılarının sərbəst hərəkəti üçün dayandırılmalı və Azərbaycan və beynəlxalq qanunlar çərçivəsində bura nəzarət edilməlidir:
“Cənab Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirib ki, Azərbaycan dövlətinin hakmiyyətinin yuridiksiyasını qəbul edən Qarbabağdakı ermənilər bizim vətəndaşımızdır, onlar ehtiyacı olan istənilən məsələ ilə bağlı bizə müraciət edə bilərlər. Həmçinin cənab Prezident onu da xüsusi olaraq vurğulayır ki, kim Qarabağda Azərbaycan dövlətinin suverenliyini qəbul etmirsə, yol açıqdır, gedə bilər.
“Laçın” sərhəd-buraxılış məntəqəsində Azərbaycanın suveren hüquqlarının təmin olunması təkcə Azərbaycan dövləti və xalqı üçün deyil, Qarabağda azərbaycanlılarla birlikdə dinc yanaşı yaşamaq istəyən erməni əhalisinin də qələbəsidir. Çünki sülhün təmin olunması Qarabağ ermənilərinin alət kimi istifadə edilməsinin qarşısını tezliklə alacaq və onlar dinc həyatlarına qovuşacaqlar”.
Millət vəkili qeyd edib ki, beynəlxalq səviyyədə “humanitar böhran” adı ilə qurulmuş erməni təbliğatı Azərbaycan hökumətinin humanitar məqsədlər üçün buraxılış məntəqəsinin açıq olduğunu bildirməsi ilə fiaskoya uğrayır:
“BMT-nin Təhlükəsizlik Şurasında qaldırılmış məsələlərin müzakirəsi də ermənilərin yeni geosiyasi gerçəkliklər fonunda heç bir dəstəyi olmadığını bir daha nümayiş etdirdi. Bütün bunlar Qarabağda yaşayan erməni əhalisinin sağlam düşünməyə sövq etməli və tezliklə Azərbaycan dövlətinə müraciət edərək, öz vətəndaşlıqlarını bərpa etməklə sülh şəraitində yaşamağa davam etmələrinə şərait yaratmalıdır. Budur regionun əsl siyasi gerçəklikləri cənab Prezident İlham Əliyevin siyasi liderliyində ərazidə sülhün təmin olunması.
Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev bir qədər əvvəl ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı qeyd etmişdi: “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib… Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə, nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir… Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqları Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır”. Budur qələbənin təntənəsi. Cənab Prezident İlham Əliyevin siyasi iradəsi və uzaqgörənliyi Qarabağda sülühün təmin olunmasının təminatçısıdır”.