Oktyabrın 10-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirilib.
AzerTimes xəbər verir ki, iclasda “Energetika haqqında” Azərbaycan Respublikası qanun layihəsi (ikinci oxunuş) və cari məsələ olaraq qəbul edilmiş qanunların icrası mexanizmləri ilə bağlı müzakirələr aparılıb.
Komitə sədri Sadiq Qurbanov əvvəlcə “Energetika haqqında” qanun layihəsini təqdim edib. S.Qurbanov bu sahədə monopoliyanın aradan qaldırılması, yeni istehsalçıların yaradılması və bir sıra digər prioritet istiqamətlərin müəyyənləşdirildiyini, islahatların nəzərdə tutulduğunu deyib.
6 fəsil, 28 maddədən ibarət “Energetika haqqında” qanun layihəsi energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini müəyyən edir.
Qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra komitə sədri Sadiq Qurbanov parlamentdə qəbul edilmiş qanunların insanların həyat şəraitinin və fəaliyyətinin yaxşılaşdırılmasına xidmət etdiyini deyib. O, qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, qəbul edilmiş qanunların işləmə mexanizminə nəzarətin həyata keçirilməsinin də vacibliyini qeyd edib.