Azərbaycan xalqı tarixində iz qoymuş hadisələri unutmur, azadlıq uğurunda canını qurban verənləri qürurla yad edir. 20 yanvar faciəsi xalqımızın azadlıq əzmini qırmaq üçün öncədən planlaşdırılan hərbi cinayət, insanları siyasi maraqlara qurban verən çirkin hadisə, dinc əhaliyə günahsız yerə divan tutan və insanlığa sığmayan faciədir. Qanlı yanvardan 32 il keçir. Vəhşiliyin şahidi olduğumuz həmin gün xalqımızın azadlıq mücadiləsini sonlandıra bilmədi. İnsanların azadlıq əzmi onların əliyalın tankların qarşısına keçməsinə və azadlıq mücadiləsi aparmasına səbəb oldu. Bu azadlıq istəyimizi sarsıtmaq üçün törədilən faciə olmaqla yanaşı, müstəqilliyimizin nə qədər çətin başa gəldiyini göstərən hadisədir. Heç bir hadisə xalqımızı ruhdan salmadı. Müstəqilliyimizi əldə etdik, düşmənlə vuruşduq və sonda düşmənimizi darmadağın edərək itirilmiş torpaqlarımızı işğaldan azad etdik. İndi bizə qarşı törədilən bütün qanlı hadisələrə baxmayaraq Azərbaycan regionda öz sözünü deyən lider dövlətə çevrilmiş, xalqımız qəhrəman xalq kimi dünyaya səs salmışdır.
Ermənilərə satılmış Qorbaçov və o vaxtkı Azərbaycan rəhbərliyinin xalqımızın məafeyinə zidd fəaliyyəti 20 yanvar faciəsinin əsas fiqurları idi. Məhz Mixail Qorbaçovun əmri ilə bu faciə törədilmiş, Vəzirovun səssizliyinin də bu hadisədə kifayət qədər rolu olmuşdur. Təəssüflər olsun ki, AXC-Müsavat cütlüyü də hakimiyyəti dövründə 20 yanvar hadisələrinə siyasi qiymət verilməsi üçün heç bir ciddi addım atmamışdır.
Xalqımızın qarşısında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyev isə bu məsələdə də biganə qalmamış, hadisə baş verəndən dərhal sonra təhlükədən çəkinməyərək ciddi şəkildə etirazını bildirmişdir. O, yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək bu qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etmiş, bunun hüquqa, demokratiyaya, humanizmə zidd olmasını bəyan etmiş, baş verənləri Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etmişdir. Bundan sonra Ümummilli Lider Heydər Əliyev tərəfindən 20 yanvar faciəsinə hüquqi və siyasi qiymət verilməsi, faciə qurbanlarının xatirələrinin əbədiləşdirilməsi, sosial müdafisə sisteminin formalaşdırılması istiqamətində əməli işlər görülmüşdür. Yaxın keçmişə nəzər salanda bu kimi həssas məsələlərdə Ulu Öndər və onun siyasi varisi, prezident İlham Əliyev tərəfindən kifayət qədər böyük işlərin görülməsinin şahidi oluruq. Cənab Prezidentin də dediyi kimi, Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.
Xalqımız Şəhidlərimizi heç bir zaman unutmayacaq, bu qanlı hadisəni azadlıq mübarizəsi və milli həmrəyliyimizin təzahürü kimi qürurla anacaq. Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik.
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov