Sosioloq Üzeyir Şəfiyevin Ailə Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı AzerTimes-a müsahibəsi:
– Dünyada qüsurlu doğulan uşaqların böyük əksəriyyətinin qohum evliliyindən dünyaya gəldiyi bildirilir. Bu, doğrudanmı belədir?
– ÜST, eləcə də digər qurumların apardığı araşdırmalar göstərir ki, dünya əhalisinin 20 faizi qüsurlu insanlardır. Bu qüsurlu insanları da təhlil edəndə göstərirlər ki, onların böyük əksəriyyəti qohum evliliklərindən dünyaya gəlib. Bu baxımdan qohum evlilikləri məsələsi təkcə Azərbaycan yox, qlobal miqyasda müzakirə obyektinə çevrilib.
– Hazırda ölkəmizdə vəziyyət doğrudanmı həyəcan təbili çalmağa əsas verir?
– Ümumdünya Səhiyyə Təşkilatı, eyni zamanda sahə mütəxəssisləri irsi qan xəstəliklərinin qohum evlilikləri ilə daha çox əlaqəli olduğunu və genişlənə biləcəyini bildirirlər. Bu məntiqdən çıxış edərək düşünürük ki, qohum evlilikləri məsələsinə ciddi yanaşmaq lazımdır.
– Dünya təcrübəsində qohum evliliklərinin qarşısını almaq üçün hansı tədbirlər görülüb və ya görülür?
– Fərqli ölkələrdə müxtəlif yanaşmalar var. Məsələn, ABŞ-da, o cümlədən Avropa ölkələrində yaxın qohumlar arasında nikah bağlanılması qadağandır. Amma Arizona ştatında maraqlı bir ənənə var: Nəsilvermə yaşını adladıqdan sonra yaxın qohumlar evlənə bilər. Çünki onlar nəsilartırma qabiliyyətinə malik olmadığına görə genefond üçün təhlükə yaratmır. Yaxud katoliklər birmənalı şəkildə yalnız 4-cü dərəcəli qohumluqdan sonra nikaha icazə verirlər. Amma islamda çox əfsuslar olsun ki, əmiqızı, xalaqızı və s. bu qəbildən qohum evliliklərinə normal yanaşılır. Türkiyədə də qohum nikahları üstünlük təşkil edir. Fəsadlarını da çox yaşayır. Amma Türkiyənin Trakya bölgəsi var, orada özgələşəndən, 7 arxa dönəndən sonra evlilik münasibətlərinə icazə verilir. Genefond üçün ciddi təhdid olduğu, irsi qan xəstəlikləri yaratdığı səbəbindən Türkiyənin özündə də artıq qohum evlilikləri qadağan olunub.
– Bizdə təklif edilən qadağaları necə qarşılayırsınız?
– Hüquqi tənzimləmədən öncə maarifləndirilmə işinin aparılmasından yanayam. Əgər 30-40 il əvvəl Azərbaycanda qohum nikahları ümumi nikahların 50-60 faizini təşkil edirdisə, 2022-ci ilin statistikasına baxdıqda görürük ki, təqribən 62 min nikah bağlanıb, onların cəmi 2500-ü qohum nikahıdır. Bu o deməkdir ki, əhalinin təhsil səviyyəsi, maariflənməsi artdıqca insanlar özü qohum evliliklərinə maraq göstərmir. Sahə mütəxəssisləri, genetiklər, bioloqlar efirlərə dəvət olunmalı, sosial çarxlar vasitəsilə insanlara inandırıcı faktlar nümayiş etdirilməlidir.