Krım körpüsündə baş verən partlayış diversiya hadisəsidir, yoxsa təsadüf?
AzerTimes xəbər verir ki, hazırda rəsmi səbəblər açıqlanmasa da, bunun Ukrayna tərəindən həyata keçirilən əməliyyat olduğuna inananlar getdikcə çoxalır.
Əsas məqam isə partlayışla bağlı videonun ortaya çıxmasından sonra aydınlaşıb. Belə ki, körpüdə ardıcıl iki partlayışın baş verdiyi ehtimalı videodan sonra ortaya çıxıb.
“Şimal axını” qaz boru kəmərlərində baş verən partlayışların ardından Rusiyanın, xüsusən Putinin fəxr etdiyi Krım körpüsündə partlayış olduqca ciddi siqnal sayılır. Ekspert Natiq Cəfərli qeyd edib ki, Rusiya mediası hadisənin texniki səbəbləri haqqında danışır, birbaşa Ukraynanı günahlandırmır, amma günün sonuna Rusiyanın publik məkanında ağızların köpüklənməsinə, sözlü aqressiyanın pik nöqtəyə çatmasına şahidlik edəcəyik.
O qeyd edib ki, artıq “bir gün də hərbi xidmətdə olmayıb, general mundirində gəzən” nazir Şoyqu bir müddətdir Kreml təbliğatçılarının hədəfindədir və yəqin ki, indi “günah keçisi” olacaq.
N.Cəfərli eyni zamanda Ukraynanın “legitim hədəflər” olsa belə, bir cür həmlələrinin eskalasiyanı böyüdəcəyini istisna etməyib:
“Rusiya çox vəhşi addımlar ata, Ukraynanın şəhərlərini xarabalığa çevirmək üçün əlində olan bütün vasitələrdən istifadə edə bilər”.