Bu proseslərin Azərbaycana mənfi təsirini belə azalda bilərik

Bu proseslərin Azərbaycana mənfi təsirini belə azalda bilərik

Azərbaycanın ixrac strategiyası bir neçə istiqaməti nəzərdə tutur.

AzerTimes xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, birincisi coğrafiyanın diversifikasiyası, ikincisi məhsulun diversifikasiyasıdır: “Biz burda xüsusi ilə qeyri-neft ixracına diqqət yetiririk. İqtisadi siyasətimiz bundan ibarətdir ki, Azərbaycanda sənayeləşmə prosesi dərinləşməlidir.

Bunun üçün hər bir münbit şərait var. Ona görə bu gün Azərbaycanın qeyri-neft ixracında əsas rolu sənaye məhsulları oynayır. Bugünkü dinamikaya nəzər salsaq, görərik ki, sənayedən sonra əsas ixrac sektoru kənd təsərrüfatıdır.

Cari ilin I yarısında Azərbaycanın neft-qaz ixracı 2 dəfədən çox, ticarət dövriyyəsi 75 % artıb. Bunlar həqiqətən çox yüksək rəqəmlərdir. Qeyri-neft ixracı isə 25 % artıb. Ötən il bu göstərici 45 % çivarında idi. Qeyri-neft ixracı daha da sürətli arta bilərdi, lakin mart ayının ortalarında dünyada baş verən qida təhlükəsizliyi mövzuları, həm də bölgədə baş verən proseslər məlumdur. Rusiya və Ukrayna Azərbaycanın qida bazarında mühüm rol oynadıqlarını nəzərə alaraq, məlum hadisələrin həm qiymətlərə təsirini, həm də mövcud təhlükələri qiymətləndirərək hökumətin müvafiq qərarına əsasən ölkədən qida məhsullarının ixracına xüsusi rejim tətbiq edilir və təbii olaraq bütün bunlar mənfi təsir göstərir.

Bu səbəbdən növbəti illərdə bizim sənaye potensialımızın artırılması ilə yanaşı, əlavə dəyərin yaradılmasına yönəlmiş addımlar nəzərdə tutulur”.

Nazir bildirib ki, Azərbaycan bir sıra məhsulları aralıq məhsul kimi ixrac edir, ancaq onların lokallaşma potensialı öyrənilir və ayı-ayrı layihələr həyata keçirilir.

“Buna bir neçə nümunədə göstərə bilərəm. Məsələn, pambıq mahlıcının ipliyə, ipliyin növbəti mərhələlərdə parçaya çevrilməsi kimi layihələr, bundan başqa, neft-qaz sənayesində istehsal olunan müxtəlif növ polimer materialları, kükürd, koks və.s kimi layihələr ölkənin əlavə dəyər zəncirini artırır”, – M.Cabbarov qeyd edib

O vurğulayıb ki, Azərbaycan ixracatçılarının rəqabət qabiliyyərinin qorunub saxlanması üçün müxtəlif növ təşviqlərin verilməsi də davam etdiriləcək.

Teqlər: