Bu, Prezidentin onlara son xəbərdarlığıdır – Ekspert

Bu, Prezidentin onlara son xəbərdarlığıdır – Ekspert

Cənab Prezidentin Laçın səfəri zamanı separatçılara ultimatumu əslində ölkə rəhbərinin timsalında dövlətimizin ölkəmizin ərazi bütövlüyünü pozan separatçılara son xəbərdarlığı, eyni zamanda beynəlxalq hüquqa, humanist dəyərlərə bağlılığın örnəyidir.

Bu sözləri AzerTimes-a İlham Əliyevin Laçına səfəri zamanı səsləndirdiyi fikirlər haqqında danışan Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Politoloq ölkə başçısı tərəfindən səsləndirilən fikirlərin separatçılar üçün sonun başlanğıcı olduğunu vurğulayıb:

“Dövlətimiz Ermənistan və beynəlxalq ictimaiyyət qarşısında Qarabağdakı separatçıların ölkəmizin ərazisini tərk etməsi, reinteqrasiyanın başlanması haqqında qəti tələb qoyub. Azərbaycan bir neçə dəfə dialoqla bağlı təkliflər verib. Lakin görünən odur ki, separatçılar dialoqa mane olur və “təslim olmaq” niyyətində deyillər. Paşinyan hələlik şifahi də olsa, Brüssel və Moskva görüşlərində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qeyd edib. Bu, Qarabağdakı separatçıların hətta Ermənistan tərəfindən də bu və digər şəkildə tanınmadığını göstərir. Qarşıdan Kişinyov görüşü gəlir. Paşinyan isə daxildə və xaricdə hansısa qüvvələrdən çəkinərək sülh müqaviləsinin imzalanması üçün cəsarət edib qəti addım ata bilmir. İlham Əliyevin üçüncü dialoq çağırışının olmayacağı ilə bağlı xəbərdarlığı da təsadüfi deyil və separatçılara, onların hamilərinə yönəlib. Separatçı tör-töküntülər də anlamalıdırlar ki, əgər çağırışlara qulaq verməsələr, bu dəfə onları heç kim qurtara bilməyəcək. Prezidentin xəbərdarlığı separatçılar üçün sonun başlanğıcıdır, artıq geri sayım başlayıb”.

Teqlər: