Bu gün saat 21:00 radələrində (Bakı vaxtı ilə saat 04:00) bir şəxs Argentinanın hazırkı vitse-prezidenti və iki dəfə prezidenti olmuş Kristina Fernandes de Kirşnerə sui-qəsdə cəhd edib.
AzerTimes xəbər verir ki, bu barədə Argentina Prezidenti Alberto Fernandes xalqa müraciətində deyib.
“Bu, demokratiyanın bərpasından bu günədək ən pis hadisədir (1983-cü ildə). Vitse-prezidentə hücum edən şəxs tətiyi çəkə bilib. Kristina ona görə sağdır ki, texniki cəhətdən hələ dəqiqləşdirilməmiş naməlum səbəblərdən, tətiyin çəkilməsinə baxmayaraq, beş gülləli silah atəş açmayıb”.
Qeyd edək ki, Argentina polisi, Buenos-Ayresdəki evinin qarşısında vitse-prezidentə silah tuşlayan şəxsi saxlayıb.