Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Latviya Seyminin sədri Dayqa Mierinyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan parlamentinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzerTimes-a bildirilib ki, əvvəlcə Latviya Seyminin sədri Milli Məclisin plenar iclas zalı ilə tanış olub.
Sonra qonaqlar Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar, Dayqa Mierinya Xatirə kitabını imzalayıb.
Görüşdə qeyd olunub ki, 2018-ci ildə 100 illik yubileylərini qeyd etmiş Azərbaycan və Latviya bənzər tarixə malik dost və strateji tərəfdaş ölkələrdir. Bu gün ölkələrimiz arasında siyasi sahədəki sıx əməkdaşlıq iqtisadi, mədəni, elmi-texniki və humanitar sahələrdə də əlaqələrin daha da genişlənməsinə öz müsbət təsirini göstərməkdədir.
Ölkəmizin işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, həmçinin “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin icrası barədə məlumat verən Milli Məclisin sədri mina terrorunun keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına geri qaytarılması prosesini ciddi ləngidən amillərdən olduğunu bildirib.
Azərbaycana ilk rəsmi səfərinin ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə təsadüf etdiyini deyən Latviya parlamentinin sədri ölkəmizə səfərini əlamətdar adlandırıb. Bu gün Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə məlumat verən qonaq görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrini əhatə edən əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsinin aparıldığını deyib. O, Latviyanın 2026-2027-ci illər üçün BMT TŞ-nin qeyri-daimi üzvlüyü məsələsində Azərbaycanın birmənalı dəstəyinə görə təşəkkürünü bildirib.
Azərbaycana səfəri çərçivəsində Qarabağ regionuna səfərindən söz açan Latviya parlamentinin sədri Füzuli və Şuşa şəhərləri ilə tanışlıq zamanı gördükləri barədə təəssüratlarını bölüşüb. Deyib ki, bu səfər ərazidə yaşayan insanlarla görüşmək, danışmaq, Azərbaycan tarixinin ağır səhifələri, regionda baş verənlər barədə məlumat almaq baxımından əhəmiyyətli oldu.
O, Latviyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini bildirib.
Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulması 30 illik müddəti əhatə etsə də, xalqlarımız arasında mədəni əlaqələrin tarixi daha dərindir. Seymin sədri 100 ildən də əvvəl latviyalı rəssam Yulie Straumenin Şuşada yaşadığını və orada müəllim işlədiyini, həmçinin onun Şuşada Azərbaycan xalçalarının kolleksiyasını yaratdığını xatırladıb. Qonaq bu faktın onlar üçün xüsusi əhəmiyyətini qeyd edib.
Dayqa Mierinya Qarabağa səfəri zamanı Azərbaycan dövləti tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin də şahidi olduğunu söyləyib. O, Azərbaycanın regionda davamlı sülhün bərqərar olunması, delimitasiya-demarkasiya işlərinin aparılması, həmçinin ölkəmizin bölgədə aparılan genişmiqyaslı quruculuq işlərindəki rolunu təqdir edərək deyib ki, gələcəkdə latviyalı şirkətlər də Qarabağda bərpa və yenidənqurma işlərində iştirak edə bilərlər.
Söhbət zamanı Azərbaycanın COP29-a ev sahibliyi haqqında da fikir mübadiləsi aparılıb.
Qonaq ölkəmizin belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb, Latviyanın COP29-un həyata keçirilməsində Azərbaycana yaxından dəstək göstərməyə hazır olduğunu bildirib.
Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.