BMT Təhlükəsizlik Şurası eyni mövzuya qayıda bilərmi? Bu mümkündür.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ötən gün BMT TŞ-də Ermənistanın tələbi ilə Qarabağdakı humanitar vəziyyətlə bağlı məsələsinin müzakirəsi haqda qeyd edib.
Politoloq bildirib ki, Emənistan “Qarabağın ağır sosial durumu” və “Laçın yolu” mövzularını yenidən BMT-də müzakirəsinə çıxarmağa çalışacaq:
“Azərbaycan diplomatiyası həmin günə qədər fəal iş aparmalı və bunun qarşısını almağa çalışmalıdır. Misal üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Albaniyanın təmsilçisi Azərbaycanın haqlı mövqeyini dəstəkləyərkən, digər qeyri-daimi üzv – Birləşmiş Ərəb Əmirlikləri “balanslı” çıxışa üstünlük verdi. Halbuki, müzakirələrdən bir gün əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ərəb həmkarıyla telefonla danışmışdı. Mən yenə də o fikrimdə qalıram ki, Qərb ölkələrində səfirliklərimizi gücləndirməyə – çalışdıqları ölkənin siyasi və ictimai dairələriylə və mediası ilə sıx kommunikasiya yarada bilən səfirlərə ehtiyacımız var”.
Qeyd edək ki, ötən gün baş tutan iclasda heç bir qətnamə və yaxud bəyanat qəbul edilməyib.